"Federasiyaları biraz silkələmək lazımdır ki, yarışlar etsinlər” - İDMANÇILAR DANIŞDI

5 Mart 2025 15:55 (UTC+04:00)

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. SİA mövzu ilə bağlı idmançıların fikirlərini öyrənib.

Paralimpiya çempionumuz İmaməddin Xəlilov: “Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Müasir idman kompleksləri tikilir, idmançılar dəstəklənir və beynəlxalq yarışlarda ölkəmiz uğurla təmsil olunur.

Sağlam cəmiyyət naminə idmanın inkişafı daim diqqət mərkəzindədir. Bədən tərbiyəsi və idman günü münasibəti ilə hər kəsi təbrik edirəm. İnşAllah uğurlarımız davamlı olsun”.

Kung fu üzrə qadın millisinin baş məşqçisi, idman elmləri tədqiqatçısı Anar Süleymanov: “5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi 1992-ci ildən start götürülüb. 1995-ci ildə Ulu Öndər Heydər Əliyev bir qrup idmançılarla görüşmüşdür. Bunun məqsədi odur ki, müstəqillik dövrü yarandıqdan sonra ilk dəfə idmançılarla görüşmüşdür. Məqsəd isə idman siyasətini inkişaf etdirmək idi. Buna görə də həm görüş, həm də tapşırıqlar idi.

Daha sonra davamlı olaraq Beynəlxalq Olimpiya Komitəsinin yaranması, 1993-cü ildə Olimpiya Komitəsinə üzv seçilməsi, 1996-cı ildən ilk dəfə Olimpiya oyunlarında iştirakımız və bizim uğurlarımız var. Bundan sonra 2015- ci ildə Avropa oyunları, 2017 İslam oyunları və bir sıra beynəlxalq tədbirlər keçirilmişdi. Bu gün Azərbaycan dünyada qalib ordusu olmaqla bərabər həm də idman ölkəsi kimi tanınır. Bu bayramı biz haqq edirik”.

MMA məşqçisi, "TT Fight" döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov deyib: “Bədən tərbiyəsi və idman günü ilə bağlı hər kəsi və idman ictimaiyyətini təbrik edirəm. Biz idman ölkəsi sayılırıq. Bu çox gözəl bir şeydir.

Sadəcə son vaxtlar yəqin ki idmana olan diqqət, qayğı səbəbi ilə idman yarışları azalıb. Məsələn mən federasiyaları fəal olmağa dəvət edərdim. Sadəcə gördüyüm qədəri ilə Cüdo federasiyası çox fəal işləyir. Cüdo federasiyası daimi yarışlara qatılır. Onlar çox fəal işləyir. Mən arzu edərdim ki, digər federasiyalar da cüdo federasiyasına baxaraq fəal iştirak etsin. Çünki turnirlər, yarışlar olmalıdır. Turnirlər,yarışlar olduqca idmançılar inkişaf edəcəklər və rəqabətə qoşulacaqlar. İnsanlar daimi olaraq məşğul olacaqlar və yarışdan yarışa qoşulacaqlar. Sonra isə böyük yarışlara qoşulacaqlar. Belə hərşey qaydasındadır. Federasiyaları biraz silkələmək lazımdır ki, yarışlar etsinlər”.

Ayşən Vəli