BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib

5 Mart 2025 15:33 (UTC+04:00)

Bu gün BP şirkəti Azərbaycanın zəngin mədəni, bədii və ədəbi irsinin təbliğinə yönəlmiş davamlı öhdəliyinin bir hissəsi olaraq müasir ədəbiyyatın beş istedadlı nümayəndəsinin kitablarının təqdimatını keçirib. SİA xəbər verir ki, bu nəşrlərdə Azərbaycan ədəbiyyatının gənc nəslini təmsil edən dörd şairin və bir yazıçının seçilmiş əsərləri toplanıb.

Bundan əvvəl BP Azərbaycan ədəbiyyatının gənc nəslinin ən perspektivlilərindən dörd şair və yazıçının kitablarını nəşr etmişdi.

Bu iki layihə üçün seçilmiş ümumilikdə doqquz gənc yazarın kitablarının nəşr olunması ilə bağlı Azərbaycan Yazıçılar Birliyi BP-yə müraciət edib və onların namizədliklərini şirkətə təqdim edib.

Bu gün keçirilən təqdimat tədbirində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib: “Tarixi-mədəni ənənələrə malik möhtəşəm Azərbaycan ədəbiyyatı bu gün də dəyişən ədəbi nəsillərin simasında öz parlaq dövrünü yaşayır. Cavan qələm adamları yeni-yeni dəyərli əsərləri ilə oxucuları sevindirir. Söz sənətimizin daimi inkişafı, müasir ruhlu əsərlərin nəşri Azərbaycan ədəbiyyatının gələcəyinə olan böyük inamımızı daha da möhkəmləndirir. Sevindirici haldır ki, BP şirkəti Azərbaycanın sosial həyatının müxtəlif sahələrinə aid layihələri icra etməklə yanaşı, həmçinin yeni dövr ədəbiyyatımızın tərəqqisinə də dəstək göstərir.

Azərbaycan Yazıçılar Birliyi tərəfindən bu il beş gənc yazarın kitabının nəşri ilə bağlı BP şirkətinə müraciət edilib və xahişimizə müsbət cavab verilib. Müasir ədəbiyyatımızın istedadlı, seçkin gənc yazarlarının kitablarının nəşrinə BP-nin yardım göstərməsi təqdirəlayiq haldır. Ümid edirəm ki, yüksək poliqrafik göstəricilərlə nəşr olunan bu kitablar gənc yazarların yaradıcılığının stimullaşmasında əhəmiyyətli rol oynayacaq.”

Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu gün bizi bura Azərbaycanın ədəbi gəncliyinin yeni və güclü nəfəsi toplayıb. Təqdim etdiyimiz beş gənc şair və yazıçının kitabları, eləcə də daha öncə nəşr edilmiş dörd istedadlı gənc yazara göstərdiyimiz dəstək Azərbaycanın möhtəşəm mədəni, bədii və ədəbi irsinin təşviqi və təbliğinə yönəlmiş davamlı səylərimizin daha bir nümunəsidir.

Doqquz istedadlı şair və yazıçının əsərlərini oxuculara təqdim etməkdə məqsədimiz gələcək ədəbi nəsilləri ilhamlandırmaq və Azərbaycanın müasir ədəbiyyatının böyük potensialını bir daha vurğulamaqdır. İnanırıq ki, bu kitablar gənc yazarların perspektivli və uğurlu ədəbi fəaliyyətinin başlanğıcı olacaq və ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacaq.”

Yeni nəşr olunan beş kitab bunlardır:

• “Tanış küçələrin birində” – Qismət, şeirlər toplusu;

• “3 mart” – Ruslan Dost Əli, şeirlər toplusu;

• “Bayılda axşamçağı” – Ulucay Akif, şeirlər toplusu;

• “Gecəni axtaranlar” – Rəvan Cavid, qısa hekayələr və roman toplusu.

• “Ağ kvadrat” – El Roman, şeirlər toplusu;

Tədbirdə tanınmış ədəbiyyat xadimləri, alimlər və tədqiqatçılar, eləcə də çoxsaylı ədəbiyyatsevərlər bir araya gəliblər. Layihə Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilib.

Beş kitab birlikdə təxminən 570 səhifədən ibarətdir. Kitabların nəşri də daxil olmaqla, layihənin ümumi dəyəri təqribən 64 850 manat (38 147 ABŞ dolları) təşkil edir.