DİQQƏT: Dondurma alarkən mütləq bunlara riayət edilməlidir - EKSPERT FAKTLARI AÇIQLADI

5 Mart 2025 14:37 (UTC+04:00)

"Azərbaycanda qida təhlükəsizliyi sahəsində son illərdə əhəmiyyətli addımlar atılsa da, supermarketlərdə satışda olan dondurmaların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar istehlakçılar arasında tez-tez müzakirə olunur. Xüsusilə yay mövsümündən qalan dondurmaların satışına nəzarətin effektivliyi şübhə doğurur". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, supermarketlərdə satılan dondurmaların istifadəsi onların istehsal şərtlərinə, saxlanma müddətinə və keyfiyyət göstəricilərinə bağlıdır. Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq maddəsinə əsasən qida məhsulları insan sağlamlığı üçün təhlükəsiz olmalı, istehsalçılar isə məhsulun tərkibi, saxlama şəraiti və yararlılıq müddəti haqqında dəqiq məlumat verməyə borcludur: "Elmi araşdırmalar göstərir ki, dondurma süd əsaslı məhsul olduğundan mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yarada bilər. Xüsusən temperatur rejimi pozulduqda bu hal baş verə bilir. Dondurmanın tərkibindəki yağ, şəkər və su yüksək sanitar tələblərə riayət olunmadıqda mikrobioloji çirklənməni sürətləndirir. Lakin standartlara uyğun istehsal olunan və saxlama şərtləri pozulmayan dondurmalar istehlak üçün təhlükəsizdir. İstehlakçılar yararlılıq müddətini adətən 6-12 ay olur, qablaşdırmanın bütövlüyünü və supermarketdə soyuducu avadanlıqların işləkliyini
yoxlayaraq riskləri minimuma endirə bilər. Beləliklə, supermarket dondurmaları ümumilikdə istifadəyə yararlıdır, lakin keyfiyyətə nəzarət şərtləri ciddi şəkildə təmin olunmalıdır. Yay mövsümündən qalan dondurmaların satışına nəzarətin zəifliyi bir neçə səbəblə izah oluna bilər. İlk növbədə ölkəmizdə qida məhsullarının dövriyyəsinə nəzarət AQTA tərəfindən həyata keçirilsə də, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq maddəsinə əsasən, nəzarət əsasən istehsal və idxal mərhələlərində aparılır, pərakəndə satış nöqtələrində isə monitorinqlər keçirilir. İkincisi, yaydan qalan dondurmaların yararlılıq müddəti adətən 6-12 ay olduğundan, qanuni olaraq satışda qalması mümkündür. Lakin supermarketlərdə soyuducu sistemlərin tez-tez elektrik kəsintilərinə məruz qalması və ya texniki nasazlıqlar səbəbindən temperatur rejiminin pozulması məhsulun keyfiyyətini aşağı salır. Həmçinin istehsalçılar və satıcılar arasında inventarizasiya proseslərinin zəif təşkili yaydan qalan məhsulların dövriyyədə qalmasına şərait yaradır.

Elmi baxımdan dondurmanın təhlükəsizliyi saxlama temperaturuna (maksimum -18°C) və mikrobioloji çirklənmənin qarşısının alınmasına bağlıdır. Yaydan qalan məhsulların keyfiyyəti temperatur səbəbindən şübhə doğurursa, istehlakçılar üçün risk yarana bilər. Qanuni olaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun istehlakçılara keyfiyyətsiz məhsuldan imtina hüququ verir, lakin bu, nəzarət mexanizmləri effektiv olmadıqda işləmir. Problemin həlli üçün AQTA supermarketlərdə dondurmalara dair mövsümi yoxlamaları artırmalı, xüsusən yaydan qalan partiyalara fokuslanmalıdır. Soyuducu avadanlıqların temperatur rejiminə nəzarət üçün sensorlar məcburi edilməli, pozuntulara cərimə tətbiq olunmalıdır. İstehlakçılar üçün etiketlərdə istehsal tarixi və saxlama şərtləri barədə daha aydın məlumat tələb olunmalıdır. Yararlılıq müddəti bitməsə də keyfiyyəti pozulmuş dondurma satanlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun sanksiyalar sərtləşdirilməlidir".