Yeni Klinikada ilk dəfə icbari tibbi sığorta təminatı ilə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı icra olunub. SİA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla baş tutan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Hazırda resipiyentin stasionar müalicəsi həkim nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərlinin təqibi ilə davam etdirilir. Pasiyentin yaxın günlərdə evə yazılması planlaşdırılır. Donor olan şəxs isə artıq ambulator müalicə üçün evə buraxılıb.
Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrah Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra olunub.
Qeyd edək ki, Yeni Klinika Nazirlər Kabinetinin müvafiq qərarı ilə donor orqanların (qaraciyər, böyrəklər) götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısına daxil edilib.