Martın 4-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
SİA-nın məlumatına görə, AMEA-dan bildirilib ki, iclası AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi dosent Əntiqə Paşayevanın “Azərbaycan Respublikasının Konstitusiyasında etik normalara fəlsəfi və hüquqi baxış” mövzusunda məruzəsi dinlənilib.
Əntiqə Paşayeva bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının üstün cəhətlərindən biri onun təkcə qanunlara deyil, milli-mənəvi dəyərlərə, adət və ənənələrə, ən əsası isə etik normalara əsaslanmasıdır, yəni qanunla etik norma arasında əlaqə var: “Məhz buna görə də Konstitusiyaya milli-mənəvi dəyərlərə əsaslanan sənəd kimi baxmalıyıq. Belə olan halda Əsas Qanun təkcə siyasi baxış deyil, həm də etik yanaşma tələb edir”.
Məruzəçi qeyd edib ki, Konstitusiyamıza nəzər saldıqda burada insan varlığının dəyərindən, ona verilən imtiyazlardan bəhs olunduğunu aydın görmək olar: “Məsələn, “milli mənsubiyyət hüququ”, “mülkiyyət hüququ”, “təhlükəsiz yaşamaq hüququ”, “şəxsi toxunulmazlıq hüququ”, “nikah hüququ”, “təhsil hüququ”, “əmək hüququ”, “seçki hüququ”, “sosial təminat hüququ”, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” və digər hüquqları nümunə göstərmək olar ki, dövlətin ali məqsədi vətəndaş haqlarını qorumaq və təmin etməkdir.
Əntiqə Paşayeva Ulu Öndər Heydər Əliyevin Konstitusiyada təsbit olunmuş maddələri dərindən öyrənməyi və bunu təbliğ etməyi, bundan faydalanmağı tövsiyə etdiyini vurğulayıb. “Çünki onun nəzərində, Konstitusiya xalqa məxsusdur və hər bir insan ondan irəli gələn müddəaları bilməli və bundan qanun çərçivəsində bəhrələnməlidir. Buna görə də çıxışlarının birində diqqəti bu məsələyə yönəldir: Bu gün ən mühüm vəzifə Konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir. Bizim Konstitusiyamız Azərbaycanın perspektivlərini müəyyən edir və biz o perspektivlər yolu ilə gedirik, bundan sonra da gedəcəyik”.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.