“Dostluq” boru kəməri ilə Mərkəzi Avropa ölkələrinə neftin nəqli yenidən dayandırılıb.
SİA xəbər verir ki, məlumatı Çexiyanın sənaye və ticarət naziri Lukaş Vlçek təsdiqləyib. Nazir bildirib ki, ölkədə neft qıtlığı yoxdur. Lakin “Dostluq” boru kəməri ilə neftin nəqlinin bərpası uzun vaxt apararsa, Çexiya texniki cəhətdən istismara hazır olan “TAL+” neft kəmərindən istifadə etməyə başlaya bilər.
Media “Orlen Unipetrol” neft emalı şirkətinin tezliklə reaksiya verəcəyini gözləyir.
“Vəziyyətdən xəbərdarıq və məsələnin həlli üzərində işləyirik. Çexiyada neft zavodları mövcud vəziyyətə hazırdır. Bundan başqa dövlət maddi ehtiyatlarının effektiv sistemi də mövcuddur. Bu səbəbdən hamıya bir daha əminliklə bildirmək istəyirəm ki, ev təsərrüfatları və şirkətlərin ehtiyacı üçün kifayət qədər neft var. “Dostluq” kəməri ilə neft nəqli bərpa olunmasa, biz texniki cəhətdən hazır olan “TAL+” üzrə neftin tədarükünə başlayacağıq”, - deyə Vlçek söyləyib.
Oxşar vəziyyət Slovakiyada və şərqi Macarıstanın bir sıra neft emalı zavodlarında da müşahidə olunur.