Ukrayna Silahlı Qüvvələrinin bütün zəruri vasitələrlə təmin edilməsi üzərində işləməyə davam edir və beynəlxalq tərəfdaşları ilə fəal dialoqu dəstəkləyir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Ukrayna sakit və inamla ABŞ, Konqres, Prezident administrasiyası və Donald Trampla davamlı dəstək məsələsini müzakirə edir: “Bu gün Ukrayna ABŞ-la əməkdaşlığı davam etdirməyə köklənib. Mən əminəm ki, dəstək davam edəcək”.
Hökumət başçısı bildirib ki, Ukrayna tərəfi yeni qarşılıqlı əməkdaşlıq formaları, xüsusən birgə investisiyalar üzərində işləyir və müvafiq sazişlərin imzalanmasına hazırdır.
”Bundan başqa avropalı tərəfdaşlarımızla da Ukraynanın müdafiə sənayesinin inkişaf etdirilməsi üçün vəsaitin cəlb edilməsi üzrə fəal danışıqlar davam edir”. - deyə o qeyd edib.
Denis Şmıqal bildirib ki, ABŞ-ın dəstəyi son dərəcə vacibdir, çünki o, təkcə maliyyə yardımı deyil, həm də Ukrayna şəhərlərini qoruyan və minlərlə insanın həyatını xilas edən hava hücumundan müdafiə sistemlərinin tədarükünü də əhatə edir: “Sülh sazişi əldə olunana qədər bu dəstəyin davam etdirilməsi üzərində işləyirik. Ancaq vurğulamaq istəyirəm ki, sülhün əldə edilməsi, Ukraynanın, münaqişədən zərər çəkmiş bir ölkənin şərtləri əsasında baş verməlidir. Kiyev ABŞ ilə Ukraynada faydalı qazıntıların hasilatı üzrə çərçivə sazişi imzalamağa hazırdır. Vaşinqtonun bu məsələdə hazır olduğuna dair diplomatik kanallar vasitəsilə siqnal gözləyirik. Bizim mövqeyimiz birmənalıdır: birgə investisiya fondunun yaradılması ilə bağlı ilk sazişi imzalamağa hazırıq".
Baş nazir xatırladıb ki, hökumət bu sazişlə bağlı razılığa gəlib. Prezident, hökumət və parlamentin ümumi mövqeyi budur ki, saziş imzalanmalıdır.
“Müzakirələrə, danışıqlara, imzalamağa hazırıq. Qarşı tərəfin cavabını gözləyirik. İctimai siqnal alsaq da, diplomatik səviyyədə konkret razılaşma gözləyirik”, - deyə D.Şmıqal söyləyib.
Qeyd edək ki, Ağ Ev Prezident Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə mübahisədən sonra bu ölkəyə hərbi yardımı dayandırmasını təsdiq edib.