Azərbaycan qadınları ictimai-siyasi həyatda mühüm yer tutur

4 Mart 2025 17:05 (UTC+04:00)

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində daim misilsiz fədakarlıqlar göstərmiş, xalqımızın mədəni kimliyinin formalaşmasında müstəsna rol oynamışdır.

Azərbaycan xanımları milliliklə müasirliyi vəhdət halında mənəviyyatlarının əsas prinsipi kimi qəbul edərək geniş sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətdə mühüm yer tutmuşlar. Maarifpərvər sələflərinin izindən gedərək müsəlman Şərqində qadınlar arasında incəsənət, elm və təhsil sahələrində ilk addımları atan, yenilikçi və tərəqqipərvər olduqlarını sübut edən Azərbaycan qadınları milli varlığımızın əsas dayağı olan mədəni irsimizin, ana dilimizin və adət-ənənələrimizin qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Tarixin çətin dövrlərində cəmiyyətin mənəvi dayağına çevrilmiş, XX əsrin əvvəlində bir çox inkişaf etmiş ölkələrin qadınlarından daha tez seçki hüququ əldə edərək ictimai və mədəni həyatda fəal iştirak etmişlər. Müsəlman Şərqində incəsənət, elm və texnika sahəsində ilk addımları atanlar arasında Azərbaycan qadınlarının yer alması onların millilik və müasirlik harmoniyasını mənəvi dəyərlərində qoruyub saxlamalarının göstəricisidir.

Azərbaycan qadınları son yüz ildə xüsusilə təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm rol oynamış, dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqillik ideyalarına sədaqətlə ölkəmizin inkişafına töhfə vermişlər. Onlar bilik və bacarıqlarını ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə yönəltmişlər. Qadınların yüksək ictimai nüfuzu və hüquqlarının tam təmin olunması müasir Azərbaycan cəmiyyətinin əsas nailiyyətlərindəndir. Dövlət quruculuğunun fəal iştirakçısı olan Azərbaycan qadını milli nailiyyətlərimizin zirvəsinə yüksəlmək və parlaq qələbə sevincini yaşamaq üçün bütün gücünü səfərbər etmişdir. Vətəninə sədaqətlə bağlı olan Azərbaycan qadınları milli ideyalara uyğun gənc nəslin yetişdirilməsində əhəmiyyətli rol oynamış, onların qəlbində haqqın qələbəsinə sarsılmaz inam hissi yaratmışlar. Azərbaycan qadınının mənəvi gücü ilə yetişən bu nəsil, 44 günlük Vətən müharibəsində rəşadət göstərərək xalqımızın mübarizlik simvoluna çevrilmişdir. Tarix boyu qadına dərin ehtiram bəsləyən Azərbaycan xalqı dövlət qadın siyasətinin prinsiplərini bu köklü ənənələr üzərində qurmuşdur.

Mənəvi-əxlaqi dəyərlərimizin qorunub yaşadılması analarımızın əməyi ilə sıx bağlıdır. Zərifliyi, nəcibliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadınları, eyni zamanda, hünər və qəhrəmanlıqları ilə tariximizə şanlı səhifələr yazmışlar. Taleyüklü sınaqlarda cəmiyyətin mənəvi dayağı olmuş, 44 günlük Vətən müharibəsində fədakarlıqları ilə bu həqiqəti bir daha təsdiqləmişlər.

Müasir dövrdə qadınların cəmiyyətdə fəal iştirakı, gender bərabərliyi məsələləri qlobal əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar ataraq nümunəvi nailiyyətlər əldə edib. Bunun nəticəsi olaraq, ölkəmizdə qadınların ictimai fəallığı əhəmiyyətli dərəcədə artıb, onlar müxtəlif sahələrdə yüksək aktivlik nümayiş etdirərək böyük uğurlar qazanıblar.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq örnəkdir. Mehriban xanım Əliyeva ölkəmizi layiqincə təmsil edən, xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, mədəniyyətə, idmana, elmə, təhsilə və səhiyyəyə xüsusi diqqət ayıran ictimai-siyasi xadim kimi tanınır. Onun ali məqsədlərə xidmət edən fəaliyyəti bu sahələrin inkişafında mühüm rol oynayaraq ölkəmizin tərəqqisinə böyük töhfələr verir. Azərbaycanın birinci xanımının genişmiqyaslı ictimai-siyasi fəaliyyəti dünya miqyasında Azərbaycan qadınının müsbət imicinin formalaşmasında əvəzsiz yer tutur.

Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq aləmdə düzgün təqdim olunması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif dillərdə nəşr olunan kitablarda Qarabağ məsələsinin tarixi, Ermənistanın işğalçılıq siyasəti və ermənilərin insanlığa qarşı törətdikləri vəhşiliklər geniş şəkildə əks etdirilmişdir. Son illərdə Azərbaycanın qazandığı uğurlar, eləcə də 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün təmin olunması, ölkəmizin beynəlxalq müstəvidə maraqlarını qoruyan məqsədyönlü xarici siyasətinin uğurlu nəticəsidir. Məhz strateji və uzaqgörən siyasət sayəsində Azərbaycan dünya arenasında nüfuzunu artırmış, haqq işimiz beynəlxalq təşkilatlar və əksər ölkələr tərəfindən dəstəklənmişdir.

Aydın məsələdir ki, qadınların siyasi proseslərdə fəal iştirakı, müxtəlif sahələrdə qərarların qəbulunda söz sahibi olması demokratik cəmiyyətin qurulmasında mühüm rol oynayır. Mehriban xanım Əliyevanın dövlətçilik fəaliyyəti sübut edir ki, qadınların ictimai mövqeyinin güclənməsi təkcə onların qadın məsələlərində deyil, ümumölkə məsələlərinin həllində də fəal iştirak etməsindən asılıdır. Bununla yanaşı, dövlətin onlara lazımi imkanlar yaratması da vacibdir və bu istiqamətdə Azərbaycan Respublikasında uğurlu addımlar atılmaqdadır.

Ənənəvi ailə dəyərlərinə sadiq qalan Azərbaycan xanımları müasir düşüncəli, yenilikçi və yaradıcıdırlar. Maarifpərvər sələflərinin davamçıları kimi onların ictimai nüfuzu, təhsil, səhiyyə, mədəniyyət və elm sahələrindəki uğurları ölkəmizin hərtərəfli inkişafını təmin edən əsas amillərdəndir. Azərbaycan qadınları bundan sonra da dinamik sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edəcək, ölkəmizin parlaq gələcəyinin qurulmasında yaxından iştirak edəcəklər.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri