Bakıda “Stratcom Public Forum”u çərçivəsində panel müzakirə keçirilib - YENİLƏNİB - FOTOLAR

4 Mart 2025 15:17 (UTC+04:00)

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və “Stratcom Public Forum”un təşkilatçılığı ilə "Daha ədalətli bir dünya mümkündür" adlı panel müzakirə keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Tədbirdə deputatlar, politoloqlar, hər iki ölkədən dövlət rəsmiləri iştirak ediblər.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun tədbirə ünvanlandığı videomüraciətdə BMT-nin fəaliyyətindəki problemlərdən danışıb. O, BMT daxilində islahatları zəruri sayıb: “Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq biz 20 fərqli ölkədə “Stratcom Public Forum” çərçivəsində təşkil olunan tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq”.

Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir beynəlxalq sistemin qlobal sülhü təmin etməkdə çətinliklərlə qarşılaşdığını vurğulayıb: “Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var. Bu məqsədlə tutarlı tədbirlərin görülməsi son dərəcə zəruridir. Dünya miqyasında sülhə və təhlükəsizliyə töhfə vermək üçün bir sıra qurumlar mövcuddur. Müharibələrin qarşısına sədd çəkmək elə sülhün təminatı mənasına gəlir. Ancaq biz qlobal qurumların bu qırğınları daha da alovlandırdığının şahidi olmaqdayıq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev beynəlxalq münasibətlər sistemi ilə ədalətin təmin olunmasının tərs mütənasib olduğunu qeyd edib. Şöbə müdiri əlavə edib ki, beynəlxalq münasibətlər sistemində ədalət axtarışları İkinci Dünya müharibəsindən sonra ortaya çıxan yeni dünya sistemi ilə bilavasitə əlaqədardır: “Biz 30 illik ədalətsizliyi özümüz bərpa etmək məcburiyyətində qaldıq. Bizim özümüzün bu sistemin daxilində ədalət axtarışlarımızda başlıca məqsəd İkinci Dünya müharibəsindən sonra ortaya çıxan yeni dünya sistemi bilavasitə əlaqədardır. Bu nizam artıq yoxa çıxmaqda olduğu üçün ölkələrarası münasibətlərdə yeni nizamlanma sisteminin formalaşmasına ciddi ehtiyac var”.

Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Sərdar Gündoğan Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrə toxunub: “Ölkəmizdə təhsil alan 136 min əcnəbi tələbə təhsil almaqdadır ki, onların da 27 min nəfəri azərbaycanlıdır. Türkiyə Maarif Vəqfi olaraq təşkilatımızın 56 ölkədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Vəqfimiz fəaliyyət göstərdiyi ölkələrdə 70 min nəfər gənci təqaüdlə təmin edir”.

Panellərdən sonra sual-cavab sessiyası olub. Tədbirin sonunda tədbirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.