"Təcrübəyə əsasən, əvvəlki illərdə turizm əsasən qış və yay mövsümündə inkişaf edirdi, daha əvvəl isə yalnız qış turizmi üstünlük təşkil edirdi". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.
O bildirib ki, 2014-cü ildə Şahdağ Turizm Kompleksi və ardınca Qəbələdə Tufandağ Turizm Kompleksinin açılması qış turizminin inkişafına təkan verdi: "Lakin yaz və payız fəsillərində turizmin inkişafında ciddi boşluqlar mövcud idi. Buna görə də biz bunun üzərində çox çalışdıq və belə qərara gəldik ki, həmin vaxtlarda yerli və xarici vətəndaşlar üçün müəyyən regionlarda olan festivallar, tədbirlər keçirilsin. Eyni zamanda, regionlarda yetişən meyvələrin əl ilə toplanması və emalı turistlərin marağına səbəb ola bilər. Məsələn, Cənub bölgəsində yerləşən “Nilado Green”də turistlər çayın və düyünün necə emal olunduğunu görə, həmçinin əlləri ilə mandarin, limon, kivi kimi subtropik meyvələri yığa bilərlər ki, bu da onlar üçün olduqca maraqlıdır. Bir neçə ildir ki, Göyçayda nar, Qəbələdə mürəbbə, Balakəndə xurma, hətta Biləsuvarda belə hind toyuğu festivalı keçirilir. Bu günün reallığı ekoloji tarazlığı qoruyaraq turizmi inkişaf etdirməkdir. Biz mətbəximizi, mədəni və mənəvi dəyərlərimizi tanıtdıqca ölkəmiz turistlər üçün daha cəlbedici olur. Bildiyimiz kimi Azərbaycanın ən çox baxış toplayan Youtube kanalı Qusarın Hil kəndində çəkilən “kənd həyatı” kanalıdır. Bu kanalın çox izlənilməsinin əsas səbəbi insanların şəhər mühitindən kənd həyatına və təbii qidalara üstünlük verməsidir. Digər regionlardan fərqli olaraq, Bakıda olan meyvələr, tərəvəzlər başqa üsullar ilə yetişdirildiyi üçün öz təbiiliyini itirir. Son zamanlarda ekoturizmin və kənd turizminin inkişafı həm regionların sosial-iqtisadi inkişafına töhfə verir, həm də mədəni irsimizin tanınmasına və gələcək nəsillərə ötürülməsinə imkan yaradır".
Nərgiz Salmanova