Mərkəzi Gömrük Hospitalında 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Texniki təsərrüfat şöbəsinin rəis müavini Pərviz Sadıqov, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev, Baş texiniki əmək müfəttişi Yaşar Yusubov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin baş inspektoru Əziz Cəfərov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları və həkim-rezidentlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-cil ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd edilməsi, Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən bu illər ərzində həyata keçirilən tədbirlər, bu günün qeyd olunmasının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib və tədbirin işinə uğurlar arzulayıb.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev mülki müdafiə işinin daim nəzarətdə saxlanılmasının, təkmilləşdirilməsinin və fövqəladə halların idarə edilməsi mexanizmlərinin gücləndirilməsinin olduqca vacib olduğunu vurğulayıb. Hospitalda Mülki Müdafiə üzrə Komissiyanın sədri olan Bəxtiyar Musayev mülki müdafiənin təşkilində hər bir əməkdaşın öz rolu olduğunu qeyd edib və əməkdaşları tədbirdə aktiv iştirak etməyə dəvət edib.
Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev də çıxış edərək Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin bu məsələni daim nəzarətdə saxladığını vurğulayıb və mütəmadi olaraq əməkdaşlar arasında fövqəladə halların idarə edilməsinə dair təlim prosesini təşkil etdiyi üçün Tibbi Xidmət İdarəsinin rəhbərliyinə təşəkkür edib.
Daha sonra tədbirdə Mərkəzi Gömrük Hospitalının Texniki təsərrüfat şöbəsinin rəis müavini Pərviz Sadıqov “Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri və Mərkəzi Gömrük Hospitalında həyata keçirilən mülki müdafiə tədbirləri”, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin Baş texiniki əmək müfəttişi Yaşar Yusubov “Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və fövqəladə hallarda mülki müdafiənin rolu və vəzifələri” və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin baş inspektoru Əziz Cəfərov “Fövqəladə hallar zamanı təşkilatlanmış fəaliyyətin əhəmiyyəti və diqqət edilməli vacib məqamlar” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.