Ukraynaya şad xəbər - Yeni yardım, təhlükəsizlik zəmanəti - MÜSAHİBƏ

4 Mart 2025 12:32 (UTC+04:00)

Hərbi ekspert Elxan Şıxaliyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Bu gün aktual olan məsələ Tramp-Putin görüşüdür. Bütün diqqətlər sanki bu görüşə yönəlib. Görüşün vaxtı belə hamı üçün maraqlıdır. Bu görüş regionda nəyi dəyişə bilər?

- Əslində bu görüşü səbəb və nəticə kontekstində qiymətləndirməliyik. Amerika Birləşmiş Ştatlarının prezidenti Tramp hakimiyyətə gəldikdən sonra bu trek başladı. Tramp müharibənin günahkarlarını təyin etdi. Dedi ki, bu, mənim hakimiyyətimin müharibəsi deyil. Bu, Baydenin hakimiyyətinin səhvi idi. Ukrayna prezidentini də bunda günahlandırdı ki, əgər o prezident olsaydı, müharibə başlamazdı.Topu Rusiya tərəfə ötürdü ki, müharibəni dayandırmaq mümkündür. Çünki Baydendən, Avropa İttifaqına daxil olan ölkələrdən fərqli olaraq Trampın kommunikasiyası var idi. Məsələ burasındadır ki, indi nə baş verəcək? ABŞ deyir ki, müharibəni maliyyələşdirməyəcək. Maliyyələşmə olmasa, müharibəni dayandırmaq Ukrayna üçün mümkünsüzdür. Avropa İttifaqı da bu təzyiqi hiss etdi ki, ABŞ-ın dəstəyi olmadan müharibənin davamını gətirmək mümkünsüzdür. Bu yanaşma, təbii ki, Rusiyaya sərf edir. Əslində ABŞ Rusiya ilə razılaşır. Deyir ki, nəticə nə olursa-olsun bu müharibə ABŞ-ın maliyyəsini arxasınca götürməyəcək. Amma sağı göstərib solu vurdular. Rusiya zamanında NATO-nun Şərqə doğru genişləndirmə proqramı çərçivəsində NATO-nun öz sərhədlərinə yaxınlaşması, Ukrayna ilə müharibə başlayanda İsveçrə ilə Finlandiyanı NATO-ya daxil etdilər. Yəni NATO burada qazanmış oldu, Rusiyanın sərhədinə gəlib dayandılar. İkinci məsələ olaraq onu qazandılar ki, Tramp Avropa İttifaqına dedi ki, istəyirsinizsə öz təhlükəsizliyinizi təmin edin, ümumdaxili məhsulunuzun həcmini 2%-dən 5%-ə çıxarın. Sonuncu olaraq müharibəni ABŞ-ın gəlirinə gətirib çıxardılar. Ukraynaya təzyiq göstərdilər ki, Ukrayna 500 milyard ödəməlidir. Vaxt da qoymadılar. Biz nə qədər Rusiyanı Ukraynanın ərazilərini işğal edən tərəf kimi görsək də, Rusiya itirdi, ABŞ burada qazandı.

- Bu yaxınlarda V.Zelenski Türkiyəyə səfər etdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu öz çətirinin altına aldı. Bu hadisə dünyaya hansı mesajları verdi?

- Əslində Amerika və Rusiya görüşlərində Zelenskini heç tərəf olaraq qəbul etmirlər. Bu bir az təzyiq siyasətidir. Zelenskini diktator adlandırdığı bir mərhələ idi ki, əgər qəbul etməsə idi, təzyiqləri artıracaqdı. Qəbul etdiyi üçün dedi ki, belə bir söz dediyini xatırlamır. Ciddi şəkildə ABŞ-dən təhlükəsizlik zəmanəti istəyirdi. ABŞ dedi ki, bu, Avropa İttifaqına aid məsələdir, təhlükəsizliyinizi ABŞ çətiri altında görməyin. Zelenski niyə Avropanın aparıcı ölkələrinə yox, niyə Türkiyəyə getdi? Zelenski anladı ki, Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə kommunikasiyada öz sözünü keçirmiş adamdır. Onun xarizmasını Rusiya da qəbul edir. Baxmayaraq ki, Amerika, Rusiya Türkiyəni Avropa İttifaqında görmək istəməsələr də, Türkiyə prezidenti qlobal güc olaraq Türkiyənin inkişafının, qlobal gücünün geosiyasi olaraq ölkələrə təsirini qəbullandırıb. Rusiya-Ukrayna müharibəsində Türkiyə Ukraynanın haqq işini dəstəklədi. Amma Türkiyəyə qarşı da NATO blokuna daxil olan ölkələrin Rusiyaya qarşı tətbiqinə qoşulmadı. Ukrayna prezidenti də özünün təhlükəsizlik çətirini Türkiyədən görür. Ukrayna düşünür ki, gələcəkdə təhlükəsizlik zəmanəti olaraq sülhməramlılar yeridiləcəksə, birinci real güc Türkiyə ola bilər. Özü də deyir ki, Avropada hərbi güc olaraq bir Ukrayna ordusu, bir də Türkiyə ordusudur. Ukrayna bunu qəbul edir. Türkiyə indiki mərhələdə ABŞ, Rusiya, Avropa İttifaqı, kimin hərbi gücünün təhlükəsizlik zəmanəti olaraq Ukraynanın bufer bölgəsində yerləşdirəcək? Yekdil fikir yoxdur. Çox gərgin müzakirələr var. Fransa da qoşununu yerləşdirmək istəyir, Rusiya əleyhinədir. Böyük Britaniya da təklif edir, yenə Rusiya əleyhinədir. Avropa İttifaqı ölkələrindən NATO-ya daxil olanlar oraya sülhməramlılar olaraq qoşun yeritmək istəyəndə Rusiya bu fikrin əksinədir. Amma düşünürəm ki, onlar Türkiyənin əleyhinə olmayacaqlar.

- Ukraynanın bu hərbi yardımlar vasitəsilə müharibəni udacağına zəmanət verilirmi?

- Müharibə üç ilə əvvəl başlayıb. Həm Ukraynanın, həm də Ukraynanı dəstəkləyən 52 ölkənin siyasi-hərbi hədəfi var idi. Siyasi-hərbi hədəfi ondan ibarət idi ki, siyasi olaraq Rusiya strateji məğlubiyyətə uğradılmalıdır. Hərbi olaraq isə işğal olunmuş ərazilərdən çəkilməlidir. Təbii ki, bu, baş vermədi. ABŞ-ın rəsmilərini artıq Ukrayna hökuməti lozer hökumət olaraq qiymətləndirir. Müharibəni uduzmuş hakimiyyətlə heç kim əlaqə yaratmaq istəmir. Amma müharibə partiyası Ukrayna üçün bitib. Avropa İttifaqının indi əvvəlki gücü yoxdur. Ukrayna bu vəziyyətə layiq olmayan ölkə halına gəldi. Onların maliyyə yardımları Ukraynanın nəzarətində qalan ərazilərdə onun yenidən qurulmasına sərf edilərsə, yenə Ukrayna karlı çıxmış olacaq. Əks təqdirdə Amerika deyir ki, istəməsəniz, müharibənin davamına da hazır olmalısınız.

- Ukraynaya verilən təhlükəsizlik zəmanətləri hərbi yardıma daxildir, yoxsa sadəcə diplomatik və iqtisadi dəstəyi nəzərdə tutur?

- Müzakirələr bitməyib. Bir qrup Avropa İttifaqına daxil olan lider ölkələr istəyirlər ki, Ukraynanın təhlükəsizlik zəmanəti onların NATO-ya daxil olan silahlı qüvvələrinin sülhməramlılara çevrilmiş hissəsi olsun. Rusiya bunu qəbul etmir. Ukraynanın özünün də silahlı qüvvələrinin sülhməramlılar olaraq təhlükəsizlik zəmanətini verə bilmir. Mütləq üçüncü ölkənin bir qüvvəsi təhlükəsizlik zəmanəti üzərinə orada olacaq. Düşünürəm ki, Amerika, yaxud Rusiyadan hansı ölkənin sülhməramlıları olacaqsa, ondan sonra baş verəcək. Ukrayna nə edə bilər? Artıq Ukraynadan heç kim heç nə soruşmur. Ukraynanın təklifləri qəbul etməsini gözləyirlər. O səbəbdən düşünürəm ki, hələ müzakirələr olacaq. Amerika qərar versə ki, müharibə olmasın, o zaman yolunu tapacaqlar ki, müharibə yeni fazaya keçməsin.

- Ukraynada yeraltı sərvətlərin miqdarı çoxdur, yoxsa üç ildə xərclənən vəsait?

- İlkin mərhələdə Amerika Birləşmiş Ştatları müharibəyə 500 milyard xərcləndiyini səsləndirdi. Sonra da Avropa İttifaqı ilə Ukraynanın birgə səsləndirdiyi rəqəmlər toplam 300 milyardın üzərində dayandı. İlə 100 milyarda yaxın vəsait xərclənib. Amma Amerika Ukraynanın yeraltı sərvətlərini 500 milyard qiymətləndirdi. Düşünürəm ki, bu yeraltı sərvətlərin miqdarı bizim düşündüyümüzdən çox daha uzun müddət hesablanmış rəqəmdir. ABŞ postmüharibə dövründə Ukraynanın gəlirlərinin 50%-nə sahib olacaqsa, düşünürəm ki, o rəqəm səsləndiriləndən də çox rəqəmlərə gətirib çıxaracaq. İnteqrasiya baş verəcək. ABŞ Ukraynanın ərazisinə gəldisə, çəkindirici güc olacaq. İqtisadi olaraq Ukraynaya nə dəstək olacaqlarsa, Rusiyanın işğalı altında olan ərazilərdə ABŞ şirkətləri daxil olacaq. Burada razılaşdırılmış iqtisadi əlaqələr daxil olmuş olacaq, qazancların bölüşdürülməsi üzərindən. İndiki mərhələdə Ukrayna xalqının, dövlətinin başqa çıxış yolu yoxdur.

- ABŞ-ın indiki vaxtda Ermənistana yardımı nə ola bilər? Artıq yardımlar dayandırılıb. Belə olan təqdirdə Ermənistan hansı addımı ata bilər?

- Ukraynanın üzərindən Ermənistanın çıxaracağı dərslər var. Ukraynanı hansı səbəbdən müharibə səbəbi etdilərsə, onun ardınca da Ermənistan gedirdi. Adətən belə başlayırlar ki, guya, SOROS fondunun dəstəyi ilə lider tapırlar, maliyyələşdirirlər, demokratik dövlət adı altında. Bu, Paşinyan idi, dövlət də ardınca gedirdi. Deyəndə ki, növbəti dördüncü ölkə postsovet ölkələrindən niyə Ermənistandır, çünki Avropa İttifaqının inteqrasiyasının arxasında yüzlərlə silahlı qüvvələrin əraziyə enməsinin Ermənistan planı var idi. Düşünürəm ki, bunu Tramp sonlandıracaq. Çünki dedi ki, NATO-nun Şərqə doğru planlaşdırmasını həyata keçirmək müharibəyə səbəb olur. Bu, yanlış idi. Biz qayıtmalıyıq 2008-ci il məsələsinə. Artıq Rusiya Ermənistanla əvvəlki kimi rəftar etməyəcək. Çünki 2022-ci ilə qədər Rusiya ilə eyni cəbhədə olan Ermənistan müharibənin başlanması ilə Rusiyaya zərbə vurdu. Rusiya Ermənistanı mütləq cəzalandırmalıdır.