AFFA II Liqada mübarizə aparan iki kluba texniki məğlubiyyət verib. SİA-nın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
XIV turun “Ağdaş” – “Şimal” oyunu meydan sahibinin vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda, oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmadığı üçün “Ağdaş”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 250 manat cərimələnib.
Fevralın 28-də keçirilməli olan “Şahdağ Qusar” – “Kür-Araz” oyunu qonaqların təyin edilmiş vaxtda stadiona gəlməməsi səbəbindən baş tutmadığı üçün “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub həmçinin 400 manat xərcə düşüb.