Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 9 nəfər xilas edilib. Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 9 nəfər xilas edilib.