“Azəriqaz” İstehsalat Birliyi olaraq 100 minə yaxın qeyri-əhalinin də olduğu 2 milyon 600 minə yaxın abonent xidmət göstəririk. Şəbəkə infrastrukturu və itkilərin azaldılması məqsədilə yeni standartlara uyğun yeniləmələr ediləcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda keçirilən bugünkü ictimai müzakirəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, “Azəriqaz” inhisarçıdır, ona görə də fəaliyyəti Nazirlər Kabineti tərəfindən müəyyən edilən tənzimləmələrə uyğun olmalıdır.
“Qazın alışı və satışı, habelə göstərdiyimiz xidmətlərin standartları bu tənzimləmələrə daxildir. Bu kontekstdə, strategiyamız üç əsas komponentdən ibarətdir: tənzimlənən qanunvericilik, səmərəli şəbəkə aktivləri və gələcək şəbəkə arxitekturasının qurulması. Şəbəkəmizin 65 il əvvəl qurulduğunu nəzərə alaraq, biz yeni standartlara uyğun şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət yetiririk. Bu, həmçinin itkilərin azaldılması məqsədini də güdür. Köhnə şəbəkəmizdə hələ də itkilər mövcuddur və bu itkilərin daha effektiv şəkildə idarə edilməsi üçün SOCAR-ın nümayiş etdiyi yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq. Bu sahədə atacağımız addımların ən vacib istiqamətlərindən biri şəbəkə institutunun maddi-texniki bazasının gücləndirilməsi və gələcək şəbəkə infrastrukturlarının yenilənməsidir. Eyni zamanda, kadrlar siyasəti və enerji səmərəliliyinin həyata keçirilməsi üçün professional və təcrübəli kadrların yetişdirilməsi də bizim üçün önəmli məsələlərdəndir. Ayrıca, rəqəmsallaşma və məlumatların düzgün idarə edilməsi istiqamətində ciddi addımlar atılacaq”, - deyə A.Məmmədov əlavə edib.