“Neft beynəlxalq əmtəə bazarlarında ticarət olunan əsas əmtəələrdən biridir və əlbəttə ki, bu əmtəənin qiyməti bir sıra amillərdən asılı olaraq tez-tez dəyişir. Neftə olan cari tələbat və neftin dünya bazarında təklif həcmləri neftin qiymətinə təsir edən əsas faktorlardan biri olsa da, tələb təklifə dair gözləntilər də qara qızılın qiymətinə ciddi təsir göstərir. İri həcmdə neft hasilat edən ölkələrdə siyasi gərginlik və müharibələr neftin gələcək hasilat həcmlərinin azalması gözləntilərini artırır və bu da neft bazarlarında adətən neftin qiymətinin artmasına səbəb olur”. Bu sözləri iqtisadçı ekspert Elçin Məmmədov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, pandemiyalar isə əksinə, neftə olan tələbatı azaltmaqla onun qiymətinə mənfi təsir edir: “Buna sübut olaraq, COVID-19 pandemiyasını nümunə gətirmək olar. Pandemiyanın sürətlə yayılması və bununla bağlı tətbiq edilən məhdudiyyətlər bir çox ölkələrdə benzin və neftdən alınan digər yanacaq növlərinə olan tələbatın azalmasına və neft qiymətlərinin kəskin enməsinə səbəb olmuşdur. Geridə qoyduğumuz onilliyin sonlarından bəri müşahidə etdiyimiz bəzi texnoloji dəyişikliklər, xüsusi ilə də elektrik avtomobillərə artan maraq uzunmüddətli perspektivdə neftin olan tələbatın tədricən azalmasına və bu əmtəənin qiymətinin enməsini şərtləndirən əsas faktorlardan olacaqdır”.