"Oruc tutan insan Allah-təalaya çox yaxınlaşır" - ŞƏRH EDİLDİ

3 Mart 2025 15:54 (UTC+04:00)

"İmsaka - qədim Azərbaycan dilində “obaşdanlıq” deyirdilər. Ramazan ayında imsaka oyanıb, yemək yeyib, niyyət etmək dini baxımdan vacib deyil, amma bəyənilən, müstəhəb sayılır". Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, tibbi baxımdan isə çox tövsiyə olunur: "Həmçinin dini baxımdan da tövsiyə olunur. Əgər insan bir neçə gün imsaka durmayıb, ac qarnına oruc tutsa, onun fəsadları yarana bilər və sonrakı günlərdə oruc tutmamağa məcbur ola bilər. Mədə-bağırsaq problemləri yarana bilər və yekunda oruc tutmamağa məhkum olar. Bu baxımdan imsaka oyanmaq tövsiyə olunur.

Orucun pozulma halları: istər halal, istər haram, istər yeməli, istərsə də yeməli olmayan qidalar, bütün içkiləri içmək, siqaret, qəlyan tüstüsünü, toz-torpağı udmaq orucu batil edir. Allahın, peyğəmbərlərin, imamların adından yalan söz demək də orucu batil edir. Eyni zamanda ailə münasibətləri də orucun batil olmasına səbəb olan amildir. Sübh azanına qədər qüsl almamaq, qəsdən qusma halları da orucun batil olmasına gətirib çıxarır. Bəzi fəqihlərin fətvasına görə başı suyun altına salmaq orucu batil edir. Əgər bir nəfər uzun yol çıxırsa, onun da orucu batil olur. Bir şərtlə ki, gedəcəyi yerdə 10 gündən az qalmaq məqsədi olsun. Əgər bir nəfər 10 gündən çox qalacağı bir yerə gedirsə, o orucunu tutacaq.

Oruc tutmaq o adamlara tövsiyə olunmur ki, oruc tutmaqla xəstəliyi şiddətlənir. Ya xəstəliyi dözülməz olacaq, ya sağalması çox çətin olacaq, bu adamlara oruc tutmaq tövsiyə olunmur. Hətta bəzi hallarda oruc tutmaq haram olur, bu baxır xəstəliyin səviyyəsinə. Xanımlar müəyyən günlərində onlar oruc tutmamalıdırlar. Sonra il boyu rahat şəkildə qəzalarını yerinə yetirilməlidirlər. Bu da xanımlara verilən bir güzəştdir, hökümdür.

Əgər qocalar oruc tutmaqla daha da zəifləyib əldən düşəcəklərsə, onlara da tövsiyə olunmur. İnsan özü də hiss etsə ki, oruc tuta bilər, həkimin tövsiyəsi mühüm deyil. Əgər görsə ki, həqiqətən də, oruc tutmağa qadir deyil, oruc tutmaya bilər. Bir şərtlə ki, bacardığı zaman qəzasını yerinə yetirsin".

"Oruc tutan insan Allah-taalaya çox yaxınlaşır. Orucluq mələklərə bənzəmək kimi bir şeydir. Oruc tutan insan səhərdən axşama kimi, hətta başqa aylarda halal olan şeylərdən də imtina edir. Bu da oruc tutan insanı ilahi bir bəndəyə çevirir. Ona görə, onun duaları tez qəbul olunur. Ramazan ayı xüsusi önəm kəsb edir. Hədislərə əsasən bütün səmavi kitablar Ramazan ayında nazil olmuşdur. Hətta İbrahim Peyğəmbərə nazil olan səhifələr, Davud Peyğəmbərə nazil olan Zəbur, Musa Peyğəmbərə nazil olan Tövrat, İsa Leyğəmbərə nazil olan İncil, nəhayət, Məhəmməd Peyğəmbərə nazil olan Qurani-Kərim məhz Ramazan ayında nazil olmuşdur. Qurani-Kərim qədr gecələrində nazil olmuşdur. Ona görə, bu ayda Quran oxumaq çox savab sayılır. Bir ayə Quran oxuyan adama bütöv Quranı bitirmiş adamın savabı verilir" - deyə o, əlavə edib.