Niyə oruc tutmalıyıq? - ŞƏHƏR SAKİNLƏRİ DANIŞDI - SORĞU

3 Mart 2025 15:32 (UTC+04:00)

2025-ci ilin mart ayı Ramazan ayıdır. 11 ayın sultanı kimi qəbul edilən bu müqəddəs ayda oruc tutulur, niyyətlər qəbul olunur. Müsəlman dünyasının ən əlamətdar təqvimlərindən olan Ramazan ayı İslam dinində ən müqəddəs ay hesab edilir. Bu ayda inanclı insanlar İslam dininin öhdəliklərdən biri olan oruc tutmaqla Allah qarşısında öhdəliklərini yerinə yetirirlər. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Bütün dünya müsəlmanları kimi Azərbaycanda da müsəlmanlar bu ayda oruc tuturlar. SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Səadət Mirzəyeva: "Dünyanın bütün ölkələrində ac insanlar var. Oruc tutmaq onlarla empatiya qurmaq üçün bizə lazımdır. Nəfsimizə sahib çıxmaq, tərbiyə etmək üçün oruc tutmalıyıq. Oruc tutmaq Ramazan ayının ən birinci öhdəliyidir. Mən də oruc tuturam. İnanıram ki, ayın sonuna qədər tuta bilərəm".

Şəhər sakini Fazilə Məmmədova: "Oruc tutmaq orqanizm üçün çox xeyirlidir. Bədəni saflaşdırır, Allah yanında insanların bütün günahlarının bağışlanmasına səbəb olur. Mərhəmətli, insanlara qayğı, hörmət, köməkdir. Orucluq üçün nə qədər desəm də, azdır".

Şəhər sakini Pərvanə Şahbazova: "Bizim mübarək Ramazan ayımız həm dini bayram olaraq qəbul olunur, həm də İslam ölkəsi olduğumuz üçün vacib buyrulmuş qaydadır. İnsanları mənəvi tərəfdən təmizliyə doğru səsləyir, həm də xarici olaraq təmizləyir. Bir var ki, oruc tutaraq özümüzü təmizləyirik, bir də var ki, diet saxlayaraq təmizləyirik. Dinimizin gözəlliyidir ki, həm də istər-istəməz sağlamlığımız üçün çox xeyirlidir".

Şəhər sakini aşıq Cahangir Quliyev: "Mən oruc tutmuram. Ramazan ayı insanlara onu öyrədir ki, nəfsini gözləsin. Sağlamlığa xeyri var. Allah heç kimə xəstəlik verməsin. Elə adam var ki, xəstədir, tuta bilmir. Ancaq biz müsəlmanıq. Oruc tutmaq da Peyğəmbərimizin bizə buyurduğu qaydadır. Ümumiyyətlə, biz dinimizə qulluq etsək, Allahımızı tanısaq, onun yolunda düz dayansaq, əlbəttə ki, işimiz də avand olar. Oruc da, namaz da hamısı müsəlman üçün buyurulub. Müsəlmanın da borcu odur ki, bunlara əməl etsin. Ona görə də, oruc tutanların Allah orucunu qəbul etsin, tuta bilməyənlərə də imkan versin ki, gələn ildən onlar da tuta bilsinlər".

Şəhər sakini Ülvi Babazadə: "Oruc tuturam. Ona görə oruc tutmalıyıq ki, birincisi, Allahın əmridir, ikincisi isə sağlamlığa xeyirlidir. Həm mənəvi, həm də fiziki təsirləri var. Ramazan ayının özünün məqsədi var. Ona görə də, bu ayda oruc tutmalıyıq".

Şəhər sakini Aytən Ağamalıyeva: "Orucu mənəvi təmizlik üçün tutmalıyıq. Həm də orqanizmin təmizlənməsi, sağlamlığı üçün də vacibdir. Nəfsimizi saxlamaq, ona sahib çıxa bilmək üçün lazımdır. İnsana hərtərəfli faydası var".

Şəhər sakini Günay Musayeva: "Biz orucu ürəyimizdən gəldiyi üçün tuturuq. Dini baxımdan mənasını bilmirəm. Ramazan insanlara mərhəmət, bir-birinə kömək etməyi öyrədir. Sağlamlığa da faydası var. Mən 6-7 ildir ki, oruc tuturam".

Şəhər sakini Həcər Həzrətquliyeva: "Ramazan ayı Allah, onun peyğəmbəri Məhəmməd Peyğəmbər tərəfindən buyurulub. Qurani-Kərim Allah tərəfindən endiriləndən sonra 40 gün Məhəmməd Peyğəmbər oruc tutmuşdu. Ondan bizə qaldı. Allahı tanımaq, ona sığınmaq, Allahı sevmək, tək Allahla olmaq bütün müsəlmanlara aiddir. Mən də orucam. Allah bütün oruc tutanların orucunu qəbul etsin".