"Azərbaycanın müxtəlif rayonlarından Bakı şəhərinə olan əhali axınını azaltmaq üçün dövlət bir sıra islahatlar həyata keçirə bilər". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
Ekspert bildirib ki, əhalinin Bakı şəhərinə axın etməsinin əsas səbəblərindən biri regionlarda iş imkanlarının məhdud olmasıdır: "Dövlət, regionlarda kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı və turizm sahələrinə investisiyalarla bu bölgələrdə iş imkanlarını artırmalıdır. İnsanlar öz bölgələrində daha yaxşı iş taparsa, təbii ki, paytaxt Bakıya köç etməyə ehtiyac duymayacaq.
Meqapolisə axının qarşısının alınması üçün yüksək keyfiyyətli yolların, sağlamlıq və təhsil müəssisələrinin, kommunal xidmətlərin və digər infrastrukturun inkişaf etdirilməsi regionların həyat şəraitini yaxşılaşdıracaq və belə olduqda insanlar öz rayonlarında yaşamağa üstünlük verəcəklər.
Rayonlarda təhsil müəssisələrinin keyfiyyətinin artırılması, yüksək təhsil üçün yeni imkanların yaradılması, təhsil sistemində islahatlar və təcrübəli müəllimlərin cəlb edilməsi, gənclərin də bölgələrdə qalmağa marağını artıra bilər. Belə addımlardan biri də kənd yerlərində əhalinin daha rahat və əlverişli şəraitdə yaşaması üçün kənd təsərrüfatı siyasəti inkişaf etdirilməli, kənd yerlərində məhsuldarlıq artırılmalı və kənddə biznes qurmaq üçün yeni imkanlar yaradılmalıdır".
Müəllif: Həmid Əhədli