Son illər Azərbaycan efirlərində cəmiyyəti zobiləşdirən, düşünən insan əvəzinə zombi kütlə sayını durmadan çoxaltmaq istəyən “sosial proqramlar” payız göbələyi kimi durmadan artır. Efirlərimizi və cəmiyyətimizi zəbt edən bu xoşagəlməz, hətta mənəvi repressiya sayılan yeni vəziyyət gerçəkdən qorxuncdur. İnsanların zövqünü, səviyyə və dünyagörüşünü aşağı salan bu cür “yeniliklər” az qala hər gün qulağı və gözü “mazol edən” reklam kimi efir və sosial şəbəkələrdə bərq vurur. Xüsusilə “sosial verilişlər” adı altında bu xalqın min illik ailə institutunun, adət və ənənələrinin, azərbaycançılıq dəyərlərinin BİLƏRƏKDƏN məhv edilməsi sanki bu cür də olmalıymış kimi adi hal alıb gedir.
Daha heç kim təəccüblənmir bu işlərə. Sanki yaşadığımız günlərdəki ən pis, qorxunc mənfilikləri deşiyin dibindən çıxarıb efilərdə “bəh-bəhlə” reklam edirlər. Ərini, uşaqlarını qoyub subay oğlanlara qaçanlar, qayınatası və qayınları ilə “yatıb-duranlar”, kişilik cinsiyyətini qadın olmaq üçün “qurban verən” cinsi azlıqlar, latın əlifbası ilə oxuyub-yazmağı olmayan, dünya ölkələrinin adlarını tələffüz edə bilməyənlər mənim xalqıma “nümunə” kimi təqdim edilir. Yeniyetmə və gənclərimə məhz “uğur hekayəsi” kimi bu cür aşağı səviyyəli, mənəviyyat yoxsulu olan qruplar təqdim edilir.
Milyonlarla azərbaycanlı vətəndaşın mənəvi zövqünü, dünyagörüşünü və gələcəyini məhv edən təbliğat terroru əsas efir siyasətinə çevrilib min təəssüf ki. İntellektual, bilik və bacarığı təbliğ edən, cəmiyyətin zövqünü formalaşdıran proqramlar artıq Azərbaycan efirləri üçün toz basmış arxivə çevrilir. Bu, həqiqətdir, bu, ən acı faktdır...
Və min dəfə yenə təəsdüflənəcəm ki, döş cibinə parça taxıb, zər-zibalı kostyumlarda poz verən bəzi ziyalılar efirlərdəki bu rəzil durum barədə bir kəlmə də ciddi mövqe ortaya qoymurlar. Ziyalılıq işıq deməkdir, ziyalılıq cəmiyyətin zəkası və düşünən beyni deməkdir. Belə görünür ki, bizim düşünən beyinlərimiz mənəviyyatımız üçün 1937-ci ildəki repressiyadan min dəfə təhlükəli olan efir terroruna hələ də səssiz qalmağı üstün tuturlar...
Cəmiyyəti bilə-bilə aşağı səviyyəli düşüncəyə sürükləmək, intellektual, düşündürücü efir əvəzinə, insanları manqurtlaşdıran şoular keçirmək, təhsil əvəzinə yaşlı insanların özlərini gülünc vəziyyətə saldıqları, kənd-kəsəkdə uşaqlarını evdə qoyub subay oğlanlara qoşulub qaçan gəlinləri, belələrinin dalınca studiyaya gəlib diz çökən biqeyrət "kişiləri" reklam etmək. Məqsəd? - məqsəd KİŞİLİK qürurunun, qadın ar-namusunun, müqəddəs ailə dəyərlərinin yeniyetmə və gənc nəslin gözündən salınması siyasəti, başqa heç nə. Açıq şəkildə cəmiyyəti MANQURTLAŞDIRMAQ, vəssalam!
Bir neçə gün öncə Xaçmaz şəhərində hansısa mağazanın açılışında baş verənlər zövqsüz kütlə nümunəsi üçün gözəl fakt oldu. Fonoqramma ilə “oxuyan”, ara mahnlıları ilə məşhurlaşan “müğənnilərə”, öz verilişlərində insanlara biədəblik təbliğ edən “aparıcılara” görə yüzlərlə insan bir-birini tapdalayaraq rəzalət bir vəziyyət yaratdılar. Bu, ilk növbədə zövqü korlanmış kütlənin acınacaqlı halı idi. Bir vaxtlar Azərbaycan cəmiyyətində “Qu gölü”nə, “Məhəbbət Əfsanəsi”nə tamaşa etmək üçün bilet növbəsinə dayanardılar. Bu gün isə aşağı səviyyəli “müğənniciklər”ə, it ağzından çıxan köhnə-kürüş paltarlara görə bir-birini bastalayan cəmiyyət var ortada. Zövqsüz KÜTLƏ, “bayramın” mübarək!...
Mətləb Salahov