İki rayon ərazisində bu qədər mina niyə basdırılıb? - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

3 Mart 2025 11:56 (UTC+04:00)

"Qarabağ ərazisi dünyanın ən çox minalardan zəhərlənmiş və çirklənmiş ərazisidir. Erməni işğalçıları özləri etiraf etdi ki, verdikləri xəritəyə görə Ağdam və Füzuli istiqamətində 97 min mina vardır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, iki rayon ərazisində bu qədər mina niyə basdırılmışdır? "Onların təqdim etdiyi xəritə də ancaq 25 faizə qədəri doğru çıxdı. Ermənilərin məqsədi ondan ibarət idi ki, Azərbaycan xalqı bu torpaqlara qayıtmasın, qayıdanda da minalara düşsünlər və qorxsunlar. Azərbaycan dövləti cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox doğru addım atdı və mina agentliyini böyütdü. Eyni zamanda mina təmizləmə prosesini gücləndirmək məqsədi ilə yeni hərbi hissələr haradıldı, olan hərbi hissələr isə əsaslı təmir olundu. Müdafiə Nazirliyinin hərbi hissələri yaradıldı. Fövqaladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin minadan təmizləmə hərbi hissələri yaradıldı və bu iş sürətlə aparılır. Dünyanın elə bir yeri yoxdur ki, orada yüzdə-yüz nəticə olsun. İkinci Dünya Müharibəsindən olan ərazilərdə hələ də sursatlar partlayır və onların qalıqları tapılır. Müharibələr harda olursa, orada təəssüflər olsun ki, qurbanlar olur.

Müharibə bitəndən sonra işğaldan azad olunan ərazilərdə və ətraf bölgələrdə 200 mindən artıq insan minaya düşərək həlak olmuşdur. Azərbaycan dövləti bu itkilərin olmaması, minimum olması üçün lazımi tədbirləri gördü və ərazi xüsusi nəzarətə götürüldü. Ərazinin böyük bir hissəsi təmizlənib. Hava limanları, nəqliyyat yolları, dəmir yolları tikilib. Şəhərlər, qəsəbələr, kəndlər bərpa edilir. Yəni çox böyük işlər görülür. Minaları təmizləyə-təmizləyə paralel bu işlər görülür. Hesab edirəm ki, bir müddət ərazi bütünlükdə təmizlənəcək, bütün müasir texnologiyalardan istifadə olunur. Müasir elmin əldə etdiyi bütün nailiyyətlər burada tətbiq edilir ki, ərazi maksimum təmizlənsin və Qarabağ cənnət məkana çevrilsin".