"Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması Ermənistanın qeyri-rasional siyasəti üzərindən hələ də ləngiməkdədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindəki şanlı qələbəmiz və birgünlük antiteror əməliyyatı torpaqlarımızın qaytarılması və suverenliyin tam bərpa edilməsi ilə yekunlaşdı: "Biz dünyanın nadir dövlətlərindən biri olduq ki, XXI əsrdə müharibə yolu ilə, öz gücümüzə və qətiyyətimizə əsaslanaraq halal torpaqlarımıza düşməndən geri ala bildik. Qalib tərəf olmağımıza baxmayaraq, Ermənistana sülh əlimizi uzatdıq və bununla bağlı şərtləri irəli sürdük. Artıq müharibənin başa çatmasından 5 il ötməsinə baxmayaraq, bu və ya digər formada sülh müqaviləsinin bağlanması üçün zamanı uzadıb, paralel olaraq sülhdən danışa-danışa silahlanır, arsenalını zənginləşdirməyə çalışır. Bu isə sülhdən danışan Ermənistanın realda bundan qaçdığını açıq-aydın büruzə verir. Əslinə qalsa sülh Azərbaycandan çox, Ermənistana lazımdır. Azərbaycan işğaldan azad olunan ərazilərində quruculuq, tikinti-bərpa işləri görür. Bu işlər misli görünməyən sürət və keyfiyyətlə aparılır, ermənilər tərəfindən az qala yer üzərindən silinmiş ərazilər bu gün çiçəklənir, inkişaf edir. Artıq “Böyük Qayıdış” proqramı icra olunur və minlərlə insan mərhələli şəkildə öz torpaqlarına, el-obalarına qayıtmaqdadırlar. Proseslər sürətlə dəyişir, Nikol Paşinyan hələlik Azərbaycanın şərtlərini hissə-hissə icra etməkdədir. Artıq konstitusiya dəyişikliyindən danışır. Azərbaycanın digər şərti isə Azərbaycan-Ermənistan şərti sərhəddində üçüncü qüvvənin olmamasıdır ki, Paşinyan bu gün Aİ-nin müşahidəçi missiyasını ərazisinə gətirərək, yenidən iki ölkə arasındakı kövrək sülh münasibətinə xələl gətirir. Təbii ki, Azərbaycanın tələbləri icra olunmalıdır, bunun başqa variantı yoxdur".
Deputat bildirib ki, Ermənistanın hiyləsi aydındır: Paşinyan və komandası Rusiya-Ukrayna müharibəsinin sonunu gözləyir, oradan özü üçün çıxarları nəzərdə tutur. Bir neçə stulda eyni anda oturmağa çalışır bu isə siyasətdə uğursuz nəticələr verir. Paşinyan Qərb, ABŞ və Rusiya ilə yol cığırında hara gedəcəyini müəyyənləşdirməyə çalışır. Bu qeyri-real və dağınıq siyasət hal-hazırda Ermənistanı çətin duruma salıb. Gələn il Ermənistanda Parlament seçkiləridir. Paşinyan daxili auditoriyanı da fəallaşdırmağa çalışır. Daxildə hələ də revanşistlər mövcuddur. Daşnaklar və digər qisasçı qüvvələr Paşinyanı sıxırlar. Bu mənada onun çətin vəziyyətdə olduğu bəllidir. Paşinyanın yeganə nicat yolu , Azərbaycan, Türkiyə ilə xoş münasibətlərdən keçir. Aydınlığa çıxmaq istəyən ölkə bunları nəzərə almalıdr. Rəsmi İrəvan zamanı itirmədən, sülh müqaviləsinin imzalanması üçün real addımlar atmalıdır".