"Konkisürmə üzrə Azərbaycanda ilk dəfə olaraq Qran-Pri yarışı baş tutacaq! - Baş katib açıqladı - EKSKLUZİV

3 Mart 2025 10:57 (UTC+04:00)

"Azərbaycanda bu idman növündə tarixdə ilk dəfə olaraq konkisürmə Qran-Pri keçiriləcək". Bu barədə SİA-ya Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.

Qurum rəsmisi bildiirb ki, bu yarış Beynəlxalq Konkisürmə Birliyiin dəstəyi ilə baş tutacaq: "Qran-Pri Heydər Əliyev adına İdman-Konsert Kompelksində yerləşən buz arenasında sentyabr ayında keçirilməsi planlaşdırılır. Bu yarış konkisürmə üzrə ölkəmizdə keçiriləcək ilk beynəlxalq yarış olacaq".

Bədəlova Macarıstanın Debresen şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə turnirlərdə təmsil edən yeniyetmə idmançımız Arina Kaluginanın 14-cü yer tutmasına münasibət bildirib: "Arina yaxşı çıxış etdi. Təbii ki, daha yüksək nəticə də əldə edə bilərdi. Lakin bu onun ilk mötəbər arenada çıxışı və cəmi ikinci beynəlxalq yarışda iştirakı idi. Təbii ki, həyəcan da öz sözünü dedi və nəticədə istədiyi yeri ala bilmədi. Qarşıda bir sıra yarışlar var".

Onun sözlərinə görə, idmançılarımız qarşıda 25-30 mart tarixlərində ABŞ-ın Boston şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər: "Ölkəmizi kişilər arasında Vladimir Litvintsev, qadınlarda isə Nərgiz Süleymanova və buz üstündə rəqs idman növündə Samantha Ritter və Daniel Brykalov təmsil edəcək. Ümid varıq ki, onlarda ölkəmizi layiqincə təmsil edəcəklər".