“Adətən valideynlər uşaqları “nadinclik” etdikdə mütəxəssisə müraciət edirlər, lakin özünə qapanıq, səssiz olduqda isə “uşağım ağıllıdır” deyərək vəziyyətə müdaxilə etmirlər. Uşaqlarda depressiya özünü uşaqların davranışlarında büruzə verir. Uşaqlar özünə qapanıqdırsa, onlarda enerji əskikliyi müşahidə olunursa, bu zaman uşaq depressiyada ola bilər”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Uşaqlıq depressiyasını 4 fərqli dövrdə nəzərdən keçirmək lazımdır;
0-2 yaş: Bu dövrdə körpələr maddi və mənəvi anaya möhtac olurlar. Bu dövrdəki uşağın maddi və mənəvi ehtiyacları ana tərəfindən qarşılandığı üçün ana ilə olan münasibəti uşağın inkişafında mühüm rol oynayır və ana əgər depressiyadadırsa, uşaq da bu haldan təsirlənir.
2-4 yaş: Depressiya uşağın inkişafını ləngidir. Nitqdə ləngimə və ya kəkələmə ola bilər. Hansı ki, bu dövr (2,5-3 yaş) nitqin sürətlənməsi dövrüdür. Nitqdə yaranan problem kimi uşağın tualet vərdişlərində də ləngimə yarana bilər. Bu dövrdə uşağın bacı və ya qardaşının dünyaya gəlməsi, ailədən kiminsə ayrılması və ya ailəyə yeni bir fərdin daxil olması, ailə daxilində yaranan münaqişə və gərginlik, ailədəki əsaslı dəyişikliklər uşaqda depressiyaya səbəb olur. Depressiya davranış pozuntusu olaraq ortaya çıxır, dırnaqyemə, barmaqəmmə və ya gərginlik olaraq özünü büruzə verir.
4-6 yaş: Bu yaş dövrü uşağın sosiallaşma dövrüdür. Depressiyada olan uşaq digər uşaqlarla oynamaq istəmir, tənbəl olur, məktəbə və ya bağçaya getmək, ailədən ayrılmaq istəmir. Uşağın məktəbə adaptasiyası çətinləşir. Valideynlər uşaqdakı depressiyanı görmür, bunun uşağın xarakteri olduğunu düşünür.
6-11 yaş: Bu dövrə qədər problemlər öz həllini tapmayıbsa, artaraq başqa problemlərə də yol açacaqdır. Uşaqlıq dövründə yaranan problemlər yeniyetməlik dövründə ciddi şəkildə ortaya çıxır. Bu yaş dövründəki uşaqlar depressiyadadırsa, davakar və əsəbi olurlar, əsəblərini idarə edə bilmirlər. Nəticə olaraq həm cəmiyyətin, həm də ailənin tələblərinin təzyiqinə məruz qalan yeniyetmənin depressiv vəziyyəti ağırlaşmış olur. Bu halda uşağın sərgilədiyi davranış uşağın günahı deyil, kiçik yaş dövründən yığılaraq artan problemlərin nəticəsidir və bu halda uşağı günahlandırmaq əvəzinə onu başa düşüb kömək etmək lazımdır.
Əgər bir uşaq (yeniyetmə) depressiyadadırsa; davamlı olaraq kədərli olur. Məktəbdəki nailiyyətində geriləmə baş verir, qida və yuxu rejimində pozulma olur. Qərar qəbul etməkdə çətinlik çəkir, diqqəti dağınıq olur, özgüvənsiz olur və günahkarlıq hiss edir. Nəzərə almaq lazımdır ki, stres yaradan hər bir hal depressiyanı dərinləşdirir. Bütün bunları övladında müşahidə edən valideyn mütləq psixoloqa müraciət etməli və daima övladının yanında olduğunu ona hiss etdirməlidir”, - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.
Afət Tahirqızı