Azərbaycanda ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir. SİA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, Penitensiar Xidmətin müəssisələrinə başçəkmələr zamanı müxtəlif kateqoriyadan olan şəxslərin birgə saxlanılmasına rast gəlmək mümkündür. Qanunvericiliklə əksi təsbit olunsa da, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına başçəkmələr zamanı ilk dəfə cinayət törətməkdə təqsirləndirilən şəxslərin əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslərlə, habelə yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatanlarla birgə saxlanıldığı müşahidə edilib.
“2024-cü ildə də Bakıda və regionlarda yerləşən bir sıra müvəqqəti saxlama yerlərinə (MSY) başçəkmələr zamanı ilk dəfə cinayət törətməkdə şübhəli bilinən şəxsin əvvəllər azadlıqdan məhrum edilmiş şəxslə birgə saxlanılması halları aşkar edilib. Bununla bağlı qanunvericiliyin tələbləri polis əməkdaşlarına izah edilib. Müəssisə rəhbərliyi və əməkdaşlarla aparılan izahat işləri zamanı bəzən onların qanunvericiliyin bu tələbi barədə məlumatlı olmadıqları müəyyən olunub. Bəzi MSY-lərin kameralarında işıqlandırmaya, istiliyin verilməsinə, saxlanılan şəxslərin sayına görə oturacaqların olmasına, gəzinti yerinin beynəlxalq standartlara uyğun təşkil edilməsinə, açıq havada fiziki hərəkətlərin icrası üçün zəruri şəraitin yaradılmasına diqqət artırılmalıdır.