Əmək hüquqlarının təmin edilməsi sahəsində mövcud olan ciddi problemlərdən biri də əsaslandırılmamış ixtisarların aparılmasıdır. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.
Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, bir sıra hallarda idarəetmənin təkmilləşdirilməsi prosesində yeni struktur bölmələrin yaradılması zamanı insan resurslarının idarə edilməsi prinsiplərinə əməl olunmur.
Sənəddə yer alıb ki, ştat sayının təsdiq edilmiş strukturun tələblərinə cavab verməməsi və ya struktur bölmələr qarşısında dəqiq vəzifələr müəyyən olunmadan ixtisarların aparılması əmək hüquq pozuntularına, o cümlədən əmək fəaliyyətini davam etdirən işçilərin iş yükünün daha da artmasına səbəb olmaqla yanaşı, ümumilikdə müəssisənin fəaliyyətinə neqativ təsir göstərir.
Həmçinin sənəddə yer alan məlumatlara əsasən, bir sıra sahələrdə, xüsusilə tikinti-inşaat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizliyi norma və qaydalarına yetərincə riayət edilmir.
Belə ki, araşdırmalara və müşahidələrə əsasən bir çox yeni inşa edilən binalarda işçilər hələ də təhlükəli əmək şəraitində işləyirlər. Bununla yanaşı, işçilərin şiddətli külək şəraitində və ya havanın temperaturuna dair müəyyən edilmiş normalara riayət edilmədən açıq havada, qanunvericiliyin tələblərinə zidd qaydada işlərə cəlb olunması hallarına da rast gəlinir. Odur ki, bu sahəyə məsul olan dövlət qurumları səlahiyyətləri daxilində əməyin mühafizəsi və texniki təhlükəsizliyi norma və qaydalarına riayət edilməsinə nəzarəti gücləndirməlidirlər.