Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində qidalanma məsələlərinə diqqətin artırılmasına ehtiyac var

3 Mart 2025 10:21 (UTC+04:00)

Bakıdakı Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, dərman təchizatına və qidalanma məsələlərinə diqqətin artırılmasına ehtiyac var. SİA xəbər verir ki, bu barədə Azərbaycanda insan hüquqlarının qorunması haqqında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərindəki Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə həyata keçirib və bu zaman orada saxlanılan şəxslər verilən qidaların çeșidi və miqdarından şikayət ediblər. Buna əsasən, məruzədə yuxarıda qeyd edilən məsələlərə diqqətin artırılmasına ehtiyac olduğu vurğulanıb.

Daha sonra diqqətə çatdırılıb ki, Yevlax rayonundakı Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə həyata keçirilmiş bașçəkmə zamanı həkim ștatının vakant olduğu müəyyən edilib.

“Bu isə əcnəbilərin Mərkəzə qəbul edildiyi andan 24 saat müddətində həkim tərəfindən tibbi müayinədən keçirilməsi, hər bir qəbul edilən əcnəbiyə tibbi kitabça tərtib olunması ilə bağlı tələblərin yerinə yetirilməsində çətinliklər yaradır”,- əlavə edilib.

Vurğulanıb ki, sözügedən mərkəzdə rentgenoloji və laborator müayinələr üçün müvafiq avadanlıqların da olmadığı müşahidə edilib.

Ümumilikdə isə qeyd edilib ki, il ərzində həyata keçirilən başçəkmələr zamanı şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi əksər müəssisələrdə ixtisaslı kadr, o cümlədən həkim çatışmazlığı aşkar edilib:

“Ombudsman yașa görə təqaüdə çıxmış ixtisaslı kadrların belə müəssisələrdə işlə təmin olunması üçün müvafiq mexanizmin işlənib hazırlanmasını tövsiyə edir”.