İstanbulda “Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən amillər” mövzusunda konfrans keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Birlik Topluğunun birgə təşkilatçılığı ilə baş tutan konfransda Türk dünyasının gələcəyi və Türk Dövlətləri Təşkilatının (TDT) həyata keçirdiyi, eləcə də təşkilatın gerçəkləşdirilməsini planlaşdırdığı layihələr müzakirə edilib.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkənin şəhidləri yad edilib.
Telejurnalist Turan Ədalətqızının aparıcılığı ilə başlayan konfransda əvvəl Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyattin Kasanov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyasından məsul şəxsinin müavini Kürşad Zorlu və Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının müraciətləri oxunub.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Qarabağ Zəfərini xatırladaraq bu Qələbəni Türk dünyası üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirib. O, Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - fikirlərinin Türk dünyası üçün yol xəritəsi rolunu oynadığını vurğulayıb.
Çıxışında beynəlxalq arenada dövlətlərə və insanlara qarşı nümayiş etdirilən münasibətə diqqət çəkən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədrinin müavini Pərviz Məmmədzadə bu baxımdan Türk dünyası liderlərinin hazırkı qlobal güclər üçün nümunə olduğunu deyib.
Beynəlxalq Türk Dilində Danışan Ölkələrin Jurnalistləri Dərnəyinin rəhbəri, tədqiqatçı-yazıçı Güngör Yavuzaslan, İstanbul Jurnalistlər Federasiyasının prezidenti Adil Koçalan, Türkiyənin media qurumlarının rəhbərləri və digərləri öz növbələrində Türk dünyası birliyinin gücləndirilməsi, strateji ittifaqların genişləndirilməsi və birgə fəaliyyətin artırılması məsələləri barədə fikirlərini bölüşüblər.
Tədbir mövzu ətrafında sualların cavablandırılması ilə davam edib.