Nissan özünün ikonik modelinin satışlarını başa vurub

2 Mart 2025 22:04 (UTC+04:00)

Nissan Motor özünün simvolik modeli R35 nəsil GT-R idman avtomobili ilə vidalaşır.

SİA-nın məlumatına görə,Yaponiyada Nissan dilerləri fevralın 28-dən etibarən GT-R üçün yeni sifarişləri qəbul etməyi dayandırıblar.

R35 2007-ci ildən, yəni artıq 18 ildir ki, istehsal olunur. Əsas təkmilləşdirmələr 2010, 2016 və 2023-cü illərdə həyata keçirilib.

Diqqətlə hazırlanmış və balanslaşdırılmış dizaynı sayəsində GT-R "Qodzilla" və "superkar qatili" kimi ləqəblər qazanaraq, bazarda həqiqətən əlamətdar bir statusa nail olmuşdur. Bacarıqlı sürücünün əlində R35 indiyə qədər istehsal edilən ən sürətli avtomobillərdən biri hesab olunur.

Yaponiyada bu model yaxın vaxtlara qədər iki modifikasiyada təklif olunurdu: standart və xüsusi NISMO. Hər ikisi 3,8 V6 benzin turbo mühərriki ilə təchiz edilmişdir.

Əsas modifikasiyada onun gücü 565 at gücü, fırlanma anı 637 Nm-dir. NISMO versiyası - 600 at gücü. və 652 Nm. Mühərrik 6 pilləli qoşa muftalı robot sürət qutusu və Attesa E-TS tam ötürücü sistemi ilə birləşdirilib.

Nissan GT-R-nin növbəti nəslini yalnız 2028-ci ildə buraxacağını vəd edir. Onun yüngül bərk cisim batareyası olan təmiz elektrik avtomobili olacağı gözlənilir.

Nazlı Almuradova