Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan-Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” mövzusunda ədəbi-musiqili tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Mərasimi giriş nitqi ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov filosof, bəstəkar, şair və naşir Rasim Müzəffərlinin (Rasim İmanov) çoxşaxəli yaradıcılıq yolundan, əsərlərinin əhəmiyyətindən danışıb, macar ədəbiyyatının təbliğinin onun fəaliyyətinin əsas tədqiqat obyekti olduğunu bildirib.
Akademik Rafael Hüseynov tədbirin keçirildiyi məkanın tarixi barədə məlumat verərək qeyd edib ki, 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları Ədəbiyyat Muzeyində keçirilib, 1918-1919-cu illərdə Azərbaycanın gələcəyi ilə bağlı ən müxtəlif müzakirələr bu tarixi binada aparılıb, ölkə həyatını nizamlayan ən vacib qərarlar burada qəbul olunub, Azərbaycanın gələcəyinin təməlləri məhz bu məkanda qoyulub.
O, Azərbaycanın dünya ölkələri içərisində ən yaxın tərəfdaşlarından olan Macarıstanla bağlı tədbirin tarixi məkanda - Ədəbiyyat Muzeyində keçirilməsinin önəmini qeyd edib. Akademik Rafael Hüseynov Azərbaycan-Macarıstan ictimai, siyasi, ədəbi və mədəni əlaqələrinin tarixindən danışaraq, ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətlərinin yüksələn xətlə davam etdiyini vurğulayıb.
Azərbaycan-Macarıstan arasındakı əlaqələrin tarixinin çox qədim olduğunu söyləyən akademik Rafael Hüseynov bildirib ki, ədəbiyyat və mədəniyyət xalqları və ölkələri bir-birinə yaxınlaşdıran ən güclü vasitədir. O, Azərbaycanın tanınmış ziyalısı Rasim Müzəffərlinin macar ədəbiyyatından İmrə Madaçın “İnsanın faciəsi”, Mikloş Radnotinin “Bir dəli yağış” və Şandor Petöfinin “Azadlıq və sevgi” əsərlərini doğma dilimizə tərcümə etdiyini diqqətə çatdırıb. Direktor Rasim Müzəffərlinin Macarıstanla bağlı kitablarını tarixi əhəmiyyətə malik qiymətli mənbə kimi dəyərləndirib, nəşrlərin Azərbaycan-Macarıstan elmi-ədəbi və mədəni əlaqələrinin yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib.
Akademik Rafael Hüseynov qeyd edib ki, Rasim Müzəffərlinin bir sıra silsilə şeirləri macar dilinə tərcümə edilib, Macarıstanda ədibin yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət və ehtiram vardır. Rasim Müzəffərli, həmçinin macar şairlərinin Azərbaycan dilinə tərcümə etdiyi şeirlərinə musiqilər bəstələyir. Bu isə, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin qurulmasında mühüm rol oynayır.
O, çıxışının sonunda Rasim Müzəffərlinin yüksək intellektə, zəngin mənəviyyata malik müdrik ziyalı olduğunu bildirib, onun daim axtarışlarla dolu geniş yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətində də əvəzsiz xidmətlər göstərdiyini deyib.
Sonra Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma çıxış edərək ölkələrimiz və xalqlarımız arasında əlaqələrin surətlə inkişaf etdiyini bildirib. O, Azərbaycan-Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu söyləyərək, Rasim Müzəffərlinin macar şairlərinin əsərlərini tərcümə edərək kitab halında çap etdirməsini iki ölkə xalqlarının ortaq tarixi-mədəni irsinə töhfə kimi qiymətləndirib.
Səfir 2018-ci ildə Rasim Müzəffərlinin Macarıstan hökuməti tərəfindən macar mədəniyyətinin tanınmasındakı xidmətlərinə görə “Pro Cultura Hungarica” mükafatı ilə təltif olunduğunu xatırladıb. O, Rasim Müzəffərlinin bu yüksək mükafata layiq görülən ilk azərbaycanlı olduğunu diqqətə çatdırıb.
Macar ədəbiyyatına dair tədbirin Ədəbiyyat Muzeyində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirən Tamaş Yojef Torma Rasim Müzəffərlinin bu istiqamətdəki kitablarının Macarıstan ədəbiyyatı və mədəniyyətinin təbliği baxımından önəmini qeyd edib.
Daha sonra tanınmış türkoloq alim Mariya Keneşi tərəfindən Rasim Müzəffərlinin macar dilinə tərcümə olunmuş şeirləri və mahnı sözləri Azərbaycan Dillər Universitetinin macar dili üzrə məzunu Arzu Cəlilovanın ifasında səsləndirilib.
Sonda kitabın müəllifi Rasim Müzəffərli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, Macarıstanla bağlı şeirlərini, klassik macar poeziyasından tərcümələrini və mahnılarını səsləndirib.