Tacikistanda Ali Məclisinin Nümayəndələr Palatasına seçkilər baş tutmuş sayılıb

2 Mart 2025 14:40 (UTC+04:00)

Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına seçkilər baş tutmuş sayılıb. Belə ki, seçici fəallığı 50%-i ötüb. SİA-nın məlumatına görə, bunu Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri Bəxtiyor Xudoyorzoda deyib.

“Yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 11:00 - Qeyd) ölkənin bütün 3 513 seçki məntəqəsində seçicilərin 59 faizi səsvermədə iştirak edib, bu say seçicilərin ümumi sayının yarıdan çoxunu təşkil edir. Odur ki, seçkilər baş tutmuş hesab edilir”, - deyə o, bildirib.

Qeyd edək ki, martın 2-də Tacikistanda parlamentin aşağı palatasına, eləcə də ölkənin vilayət, şəhər, rayon və kəndlərinin qanunvericilik orqanlarına seçkilər keçirilir. Yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 05:00) respublika üzrə 3513 seçki məntəqəsi açılıb.