İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “boz iqtisadiyyat”ın leqallaşdırılması və iqtisadiyyatda şəffaflığın təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edib. SİA xəbər verir ki, bunu DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.
Onun sözlərinə görə, son illərdə həyata keçirilən islahatlar iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun şəffaflaşmasına və inkişafına ciddi töhfə verib:
“Bu gün iqtisadi inkişafa töhfə verməyin ən vacib şərtlərindən biri fiskal dayanıqlığın təmin edilməsi, biznes subyektlərinin şəffaf fəaliyyətinin təşviq edilməsi və vergi siyasəti vasitəsilə məşğulluğun artırılmasıdır. Hədəfimiz sahibkarlıq mühitini daha əlverişli etmək və vergi ödəyicilərinin könüllü ödənişlərini təşviq etməklə iqtisadi aktivliyi artırmaqdır”.
N. İmanov qeyd edib ki, son altı ildə aparılan islahatlar qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artmasına ciddi təsir edib. Onun sözlərinə görə, bu sektorda məşğulluq 82 %-dən çox artıb, əməkhaqqı fondu 2,7 dəfə böyüyüb, aktiv vergi ödəyicilərinin sayı 2019-cu illə müqayisədə 1,8 dəfə artıb, ƏDV ödəyicilərinin sayı isə 3 dəfəyə yaxın yüksəlib.
“Bu göstəricilər sahibkarlığın inkişafı və iqtisadiyyatın şəffaflaşması istiqamətində atılan addımların uğurlu nəticəsidir. Vergi xidməti olaraq yeni dövrdə fəaliyyətimizi daha iddialı və hədəfyönlü siyasətlə davam etdirmək niyyətindəyik”, - deyə o əlavə edib