Məkkə şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan Dəyirmi Masası təşkil olunub - FOTOLAR

1 Mart 2025 12:11 (UTC+04:00)

Məkkə şəhərində keçirilən “2-ci Məkkə Halal Forumu” çərçivəsində iş adamlarının iştirakı ilə Səudiyyə Ərəbistanı-Azərbaycan Dəyirmi Masası təşkil olunub. SİA xəbər verir ki, KOBİA-dan bildirilib ki, tədbirdə Səudiyyə Ərəbistanının Mərkəzi Asiya ölkələri üzrə İşgüzar Şurasının sədr müavini Əli Alotaibi və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələr arasında biznes və investisiya sahəsində əməkdaşlıq, KOB-lar arasında qarşılıqlı işgüzar əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması, halal sənaye sahəsində iş adamları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər.

Dəyirmi masa çərçivəsində biznes nümayəndələri arasında “B2B” görüşlər keçirilib, şirkətlər fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat verib, idxal və ixrac imkanları barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində KOBİA nümayəndələri İslam Ticarət və İnkişaf Palatasının (ICCD) baş katibi Yusif Xələvi ilə görüşərək, bu il Bakıda AZHAB Forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nigeriyanın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palataları Assosiasiyasının prezidenti Jani İbrahim ilə görüşdə isə institusional əməkdaşlığın qurulması və bizneslər arasında əlaqələrin təşviqi müzakirə edilib.