Media.az xəbər portalının yeddi yaşı tamam olur

1 Mart 2025 11:43 (UTC+04:00)

Bu gün Media.az xəbər portalının yeddi yaşı tamam olur. SİA xəbər verir ki, sayt 2018-ci il martın 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində populyarlıq qazanıb.

Rus dilində xəbərlər dərc edən Media.az 24 saat fasiləsiz işləyir.

Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur.

Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti, aparıcı sosial şəbəkələrdə fəal iş sayəsində Media.az Azərbaycanın media məkanında layiqli yerini tutub.

Media.Az-ın direktor - baş redaktoru Cəmilə Ələkbərova deyib ki, bu illər ərzində materialların keyfiyyətinə və obyektivliyinə xüsusi olaraq diqqət yetirilib:

“Komanda olaraq bizi məlumat mənbəyi seçən, bizə güvənən hər kəsə minnətdarıq. Bu illər ərzində oxucularımıza dəqiq, aktual və maraqlı məlumatlar təqdim etməyə çalışmışıq və biz bunu davam etdirəcəyik. Biz təkcə xəbərlərə deyil, həm də məzmununa dəyər verən auditoriyanı hədəfləyirik. Hələ qarşıda çoxlu planlarımız və ideyalarımız var. Biz məzmunumuzu inkişaf etdirmək və genişləndirmək üçün səy göstərməyə davam edəcəyik”.

SİA-nın kollektivi Media.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!