"Vətən fədailəri" layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib - FOTOLAR

1 Mart 2025 11:35 (UTC+04:00)

28 fevral 2025-ci il tarixində “QAYIDIŞ” İctimai Birliyinin və Azərbaycan Memarlıq və İnşaat Unversitetinin təşkilatçılığı ilə “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızının tələbələrlə görüşü keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Həmkarlar İttifaqının sədri Şahmar Rəfili çıxış edərək bu kimi tədbirlərin və ərsəyə gələn kitabların gənclik və gələcək nəsillər üçün mahiyyətindən danışıb.

Çıxış edən Manya Səxavətqızı Xocalı faciəsi ilə yanaşı Azərbaycan xalqının illər boyu fevral ayında başına gətirilən faciələr, ilk şəhidlərimiz haqqında məlumat verib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi və vətənpərvərliyin təbliğatı üçün “VƏTƏN FƏDAİLƏRİ” layihəsi çərçivəsində ərsəyə gələn kitablar haqqında layihənin rəhbəri Manya Səxavətqızı və layihənin ümumi dəstəkçisi Qazi oğlu, Şəhid qardaşı Şahin Məmmədov ətraflı məlumat verərək kitabları təqdim ediblər.

Tədbirdə iştirak edən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Şəhid mayor Vüsal Vəliyevin qardaşı, Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu, Şəhid Nicat Qasımlının atası Elşən müəllim atılan addımların mahiyyəti barəsində danışıblar.

Görüşün sonunda tələbələrə hədiyyələr verilib və xatirə şəkili çəkilib.