2025-ci ildə Ermənistan-Azərbaycan münasibətlərini nə gözləyir? - MÜNASİBƏT BİLDİRİLDİ

28 Fevral 2025 17:05 (UTC+04:00)

“Azərbaycan və Ermənistan arasında irəliləyiş regionda gedən proseslərdən və delimitasiya, demokrasiya həlli məsələlərindən asılıdır. Azərbaycan-Ermənistan arasında artıq müsbət təcrübələr var. Dörd kəndin silahsız qaytarılması, delimitasiya və demokrasiya prosesinin ən çətin yaşayış məntəqələrindən keçərək 12.5 km müəyyənləşdirilməsi müsbət hadisələrdir. Ermənistan tərəfinin rəsmi ritorikadan, Qarabağ məsələsinin tamamən gündəmdən çıxarılması və daşnaqsızlaşdırma prosesini hakim dairələrdə başlatması müsbət hadisələr kimi müşahidə olunur”. Bu sözləri politoloq Qədir Aslan SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, diplomatiya masası olduqca böyükdür: “Diplomatiyanın içində o qədər güclü alətlər vardır ki, Azərbaycan Ermənistanla konfliktə, qarşıdurma məcrasına girməz. Yəni onlar arasındakı qarşıdurma tez bir şəkildə baş verə bilməz. Çünki diplomatiya masası o qədər zəngindir ki, burada müxtəlif alətlərdən istifadə etmək olar. Həmçinin hakim dairələrinin aparatları arasında birbaşa rabitə qalmaqdadır. Təbii ki, bu da öz müsbət təsirini göstərir. Fikrimcə, bu yaxınlarda Qərb platformalarının birində dövlət başçılarının yaxud xarici işlər nazirlərinin yeni təmaslarının şahidləri ola bilərik.

Bununla yanaşı sülh sazişinin bağlanması üçün hələ tezdir. Çünki bundan qabaq çərçivə sazişi imzalanmalıdır. Sülh sazişində olan 17 maddədən 15-i razılaşdırılıb. Lakin 2 maddə hələ razılaşdırılmayıb. Xüsusilə bu 2 maddə konstitusiya məsələsidir. Həmin maddələrdə Azərbaycan tərəfi olduqca israrlıdır. Yəni hüquqi sənədlərdə və normativ aktlarda Ermənistan Qarabağdan imtina etməlidir. Bu səbəbdən sülh sazişinə çıxa bilmirik. Amma ilkin olaraq çərçivə sazişinə çıxa bilərik. Hansı ki bu saziş sonrakı mərhələlərdə sülhü gətirə bilər. Amillərin aradan qalxması üçün Azərbaycan tərəfi israrla sənədləri düzəltmək və qaydasına salmalıdır. Həmçinin regionda və beynəlxalq aləmdə gedən geosiyasi proseslərindən də çox şey asılı olacaq. Amma qaçılmaz şəkildə Ermənistan və Azərbaycan arasında 2025-ci ildə hansısa razılaşdırılmış sənədin imzalanacağını düşünürəm”.