“Valideynlər ana südü ilə qidalandırarkən belə telefonları uşaqlarının üzərinə tutursa, bu artıq get-gedə övladın unutmayacağı bir davranışına çevrilir. Bu gün zərərli vərdişlərdən asılılıq insan psixologiyasına necə təsir edirsə, mobil telefonlardan, planşetlərdən, kompüterlərdən asılılıq da eyni cür təsir edir. Bu da nəticə olaraq insanın xasiyyətində qüsurlara gətirib çıxarır ki, bu zaman insan vərdiş, adət etdiyi bir məqamdan çıxa bilmir. Yəni bu məqam o deməkdir ki, yaşadıqlarımızın bir növü o telefondan asılılığını hiss etdirir və həmin insanı idarə etməyə başlayır”. Bu sözləri psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, yəni insan həyatında baş verən maraqlı hadisə belə onu həyəcanlandıra bilmir: “Çünki əlində daima istifadə etdiyi telefon yaxud planşet həyata baxışını, diqqətinin yayınmasına səbəb olur. Diqqət telefonda olsa da belə ətraf mühit ilə təmasını qura bilmir və bu zaman get-gedə onda davranış pozuntusu, aqressiyalar əmələ gəlir. Yaranan aqressiyalar içərisində valideyn yenidən məcbur olub uşağın əlinə telefonu verir ki, sakit qalsın. Bu yönləndirmə yönəliş adlandırıldığına görə, psixologiyada şüursuz bir addımdır sayılır. Şüursuz addımlar da yadda daha çox qalır, yəni bu zaman həmin şüursuz addımlar insanları idarə etməyə başlayır. Bu baxımdan da bu gün insanların mobil telefonlar ilə olan asılılığı onların digər cəmiyyətdən uzaqlaşmasına gətirib çıxardır. Hətta nə baş verdiyini belə anlamadan dünya dağılsa belə onun vecinə deyil. O insan özünə qapanaraq və yaşanan major depressiyanın, lal depressiyanın daha sonra endogen depressiya ilə əvəz olunmasına gətirib çıxarır. Endogen depressiya yaranırsa bütöv şəkildə antidepressantlardan istifadə olunur və antidepressantlar nəticəsində dərman asılılığı da yaranır. Nəticə də isə insanı artıq özü yox, dərmanlar idarə edir”.
Qumral Əlizadə