"İşğaldan azad olunan torpaqlara köç işləri sürətli bir formada həyata keçirilir" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

28 Fevral 2025 16:55 (UTC+04:00)

"Qeyd etmək lazımdır ki, bu gün işğaldan azad olunan torpaqlara köç işləri sürətli bir formada həyata keçirilir. Artıq Zəngilanda, Cəbrayılda və digər ərazilərdə insanların öz doğma yurdlarına köçdüyünü görürük". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Xocalıda, Şuşada işlər görülür. "Xankəndində quruculuq işləri görülür. Bu gün bütün bu işlər, abadlıq işləri, quruculuq işləri ən yüksək səviyyədə dövlət tərəfindən uğurla icra olunur. Bu gün dövlətimizin bu sahə də, prinspial bir yanaşmasını, mövqeyini də görürük. Eyni zamanda biz davamlı olaraq cənab Prezidentin bölgələrə səfərlər etdiyini görürük. Bu istiqamətdə işlər artıq ən yüksək səviyyədə aparılır. Eyni zamanda insanların işlə təmin olunması üçün yeni zavodlar, fabriklər yaradılır. Araz vadisi iqtisadi zonası, Ağdamda sənaye parkının yaradılmasıda önəmli bir uğurdur. Artıq Qarabağda 30 mindən artıq insan yaşayır. Orada fəaliyyət göstərir və zaman keçdikcə insanların sayının daha da, artacağını görəcəyik. Bu gün Azərbaycan xalqı öz qürurlu günlərini və qürurlu anlarını yaşayır ki, belə bir uğura və müvəffəqiyyətə nail ola bilibdir".