"Ali təhsilin məzmunu yenilənir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
O bildirib ki, universitet və şirkətlər əmək bazarının tələblərinə uyğun təhsil proqramları hazırlayacaqlar: "Bununla bağlı komissiya dünən ilk iclasını keçirib. Təbii ki, bu da öz növbəsində yeni ixtisasların yaradılması, bəzilərinin isə ixtisarı deməkdir.
Universitetlərin sırf əmək bazarının tələblərinə uyğun keyfiyyətlərdə olması üçün bu addım çoxdan atılmalı idi... XXI əsrin 25-ci ilində bu kimi müzakirələrin aparılması yaxşı hal olsa da, müəyyən qədər gecikməni də özündə əks etdirir. Amma qətiyyən buna fokuslanmaq olmaz. Ümid edək ki, Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyasının ilk iclasında müzakirə edilən məsələlər praktiki surətdə də uğurla həyata keçirilər. Hazırda tədris olunan bütün ixtisasların keyfiyyəti həm də onların əmək bazarının tələblərinə nə dərəcədə uyğunluğu ilə müəyyən olunur".
Onun sözlərinə görə, dünyanın böyük təhsil ölkələrində universitetlər daha çox tədqiqat müəssisəsi, istehsalat dünyası ilə qarşılıqlı əməkdaşlıq zəminində irəliləyən qurumlardır: "Universitetlərin hər hansı ixtisas üzrə yalnız nəzəri bazaya söykənməsi yolverilməz, deyərdim ki, mümkünsüzdür. Universitetin əsas funksiyası müəyyən ixtisasla bağlı əmək bazarı üçün ixtisaslı kadrların formalaşdırılmasıdır. Amma o tələbəni kadra çevirən mexanizm isə mütləq və mütləq praktiki həllərdən keçir. Təəssüf ki, hazırda bir çox ali təhsil müəssisələrimizdə bununla bağlı işlər tam da yetərincə deyil. Diplomlu işsizlər sayının çox olmasının bir səbəbi də elə budur. Gələcəyin ixtisasları, əmək bazarının əsas tələb və prinsipləri bu gün universitetlərimizin əsas fəaliyyət proqramında öz əksini tapmalıdır. Bundan ötrü əmək bazarı və universitet ikilisi ilə bağlı müəyyən ixtisaslar qrupu istiqamətində ciddi tədqiqatlar aparılmalıdır. Yalnız bu tədqiqatların, monitorinqlərin nəticəsində biz ixtisasların gələcək taleyi, onların əmək bazarındakı yeri ilə bağlı konkret nələrisə deyə bilərik. Amma təbii ki, indidən heç kəsə sirr deyil ki, süni intellekt, İT, robotexnika profilli ixtisaslar, həmçinin, informasiya təhlükəsizliyi, proqramların avtomatlaşdırılması kimi sahələr gələcəyin əsas tələbləridirlər.
Bu əsnada bir detalı xüsusi qeyd edək: Ali təhsilin məzmun yenilənməsi ilə bağlı müzakirə və qərarlarda universitetlərin özlərinin də təkliflər paketi və fəaliyyət proqramı nəzərə alınmalıdır".