Sabah Azərbaycanda Ramazan ayı başlayır. Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcəkdir. Ramazan ayının qədr gecələri isə 18, 20, 22 və 26 mart tarixlərinə düşür. Martın 30-da isə fitr bayramı qeyd olunacaq. Bəs ümumiyyətlə Ramazan ayında insanlar nələrə önəm verməlidirlər. Ramazan ayında insanlar nələri gözləməlidirlər, oruc tutarkən ibadət edərkən nələrdən uzaq durmalıdırlar? Bu mövzu ilə bağlı SİA din xadimlərinin fikrlərini öyrənməyə çalışıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev: "İnşallah ki, 11 ayın sultanı olan Ramazan ayı sabahdan başlayır. Artıq bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsindən də, fətva verilib. Ramazan ayı mübarək bir aydır. Hər bir müsəlman hökmlərə riayət etməlidir. Oruc tutmalı, dualar etməlidir. Ramazan bayramında imkanlı şəxslər fitrə çıxarmalıdır. Ramazan ayının hökmlərinə hər bir müsəlman davamlı şəkildə əməl etməlidir".
Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev: "Ramazan ayının gəlişi ilə bağlı bütün xalqımızı təbrik edirəm. Uca Allah dövlətimizi, millətimizi, vətənimizi qorusun. Digər tərəfdən isə rəbbimizdən istəyimiz bu mübarək Ramazan ayını gözəl şəkildə yaşamağı, oruclarımızı tutmağımızı, rəbbimizə qulluq və bəndəlik etməyi nəsib etsin. Ramazan ayı bildiyiniz kimi rəbbimiz tərəfindən böyük fəzilətlərə sahib olan aydır. Bu ayı fəzilətli edən, bu ayı xüsusi olaraq Qurani-Kərimin nazil olunmasıdır. Rəbbimiz bu ayı göndərmək vasitəsi ilə biz qullarını və bəndələrini təmizləmək və paklamaq istəyir. Biz bəndələrə düşən vəzifə isə Ramazan ayının xüsusi ehtiramını saxlamaq, oruc tutmaq, Allaha dua etmək, namaz qılmaq və xüsusi olaraq bu ay ərzində sədəqələrimizi artırmaqdır və mədə orucu tutduğumuz kimi necə ki, yemək, içmək qadağındırsa və bizim orucumuzu batil edirsə eyni zamanda da çalışıb qəlb orucu tutmaqa ehtiyyac var ki, həm gözümüzü, həm qulağımızı və dilimizi oruc etməliyik. İnsanlarla münaqişədən, mübahisədən çəkinməliyik və kimsə bizə söz atarsa, sataşarsa onlara baş qoşmamalıyıq. Allah Rəsuluda hədisində buyurur ki, çalışıb mübahisələrdən uzaq durun, mən orucluyam deməyimiz tövsiyyə olunur. Bu baxımdan Ramazan ayı fəzilətlərini sadalamaqla qurtara bilmərik. Önəmli olan Allah Rəsulununda hədisində buyurduğu kimi əgər insanlar Ramazanın nə olduğunu bilsəydilər, 11 ayın Ramazan olmağını istəyərdilər. Bu hədisini şüar edərək, özümüzə düstur tutaraq, yolumuza işıq tutaraq biz Ramazan ayının nə olduğunu, hansı hikmətlərin gizli olduğunu anlamağa çalışaq və dərk edək".