Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə mövcud vəziyyət və qarşıda duran məsələlərin müzakirəsi olub. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə olunduğunu bildiriblər. Çıxışlarda ölkəmizdə mülki müdafiə sahəsində görülən işlərdən ətraflı bəhs edilib, bu sahədə qarşıda duran prioritetlərdən danışılıb.
Sonra FHN-in Qarabağ Regional Mərkəzinin istifadəsində olan müasir texnika və avadanlıqlara baxış keçirilib, tədbir iştirakçılarına fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkili barədə ətraflı məlumat verilib.