Bəzi insanlarda əllərin və ayaqların daima soyuq olması tez-tez rast gəlinən xəstəliklərdəndir. Hətta bir çox insanlar bununla bağlı həkimə müraciət edirlər, çünki bu haldan çox narahatdırlar. Bəs bunların səbəbləri nələrdir? Nə üçün insanlarda bu cür xəstəliklər geniş yayılıb? SİA bununla bağlı həkimlərin rəylərini alıb.
Terapevt Etibar Süleymanovun sözlərinə görə, birinci növbə qan azlığını, reyno sindrom deyilən faktorları yoxlamaq lazımdır: “Eyni zamanda qan laxtalanma problemi olan adamlarda da bu kimi xəstəliyə rast gəlmək olar. Bununla yanaşı vitamin çatışmamazlığı, dəmir əskikliyi bu səbəb sırasındadır. Elə insanlar varsa birinci nömrədə onlar mütləq şəkildə yoxlanılmalıdır. Qanın ümumi analizi, tərkibi, dəmirin miqdarı və qanın laxtalanması kimi analizlərdən keçməlidirlər”.
Həmçinin məsələ ilə bağlı həkim-allerqoloq Şahvələd Məmmədov fikirlərini bildirib. Onun sözlərinə görə, əllərin və ayaqların soyuq olması zamanı, bəzi insanlarda xüsusən də gənc insanlarda periferik anqo spazm deyilən vəziyyət yaranır: “Reyno sindromu deyilən bir sindrom var. Bu sindrom da rematizma bənzər vəziyyət olur, oynaqlarda əsasən əl, barmaq falankalarında ağrı olur. Həmçinin əllərin və ayaqların buza dönməsi reyno sindromu zamanı baş verir. Cavan yaşlarda veqikativ damar tonusu pozğunluğu olan xəstələrdə, yəni el arasında əsəb normaları qaydasında olmuyan cavanlarda, gənclərdə əllərin və ayaqların buza dönməsi, əllərin və ovucların tərləməsi hallarına rast gəlinir. Digər xroniki xəstəliyi olan insanlarda şəkərli-diabet və yaxud da şəkərə bağlı xronik xəstələrdə periferik damarlarda spazm getdiyinə görə, o insanlar deyirlər ki, əllərim ayaqlarım buza dönür. Həmin o insanlarda periferik qan dövranını yaxşılaşdırandan və müalicə alandan sonra vəziyyət düzəlir”.
Günel Əliyeva