Xankəndiyə son 6 ayda 12 minə yaxın sərnişin daşınıb

28 Fevral 2025 15:16 (UTC+04:00)

Ötən ilin sentyabr ayından bu ilin 25 fevral tarixinədək Xankəndi – Bərdə və Bakı – Xankəndi – Laçın müntəzəm şəhərlərarası reysləri vasitəsilə 1270 reys üzrə 11 682 sərnişin daşınıb. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Həmçinin keçirilmiş müsabiqələr əsasında Mingəçevir – Xankəndi – Laçın və Gəncə – Xankəndi – Şuşa marşrut xətləri üzrə daşıyıcılar müəyyən olunub və sərnişin daşımalarının təşkilinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu və məskunlaşma planlarına əsasən mərhələli qaydada digər müntəzəm şəhərlərarası marşrut xətlərinin təşkili də nəzərdə tutulur.

Hazırda işğaldan azad olunmuş ərazilərə vətəndaş səfərlərinin təşkili üçün kifayət qədər marşrut və avtobuslar mövcuddur və daşımalar sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Bununla yanaşı, vətəndaşların işğaldan azad olunmuş ərazilərə üç istiqamət üzrə – Şuşa, Laçın və Suqovuşana fərdi nəqliyyat vasitələri ilə də səfər etmək imkanı vardır.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayından Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş əraziləri ziyarət etməsi məqsədilə 5 istiqamət olmaqla, Bakı – Şuşa – Bakı, Bakı – Ağdam – Bakı, Bakı – Füzuli Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bərdə – Ağdam – Bərdə reysləri fəaliyyətə başlayıb. Sözügedən reyslər üzrə vətəndaşlar “yolumuzqarabaga.az” portalı üzərindən bilet əldə edərək işğaldan azad edilmiş əraziləri müəyyən edilmiş saatlarda ziyarət ediblər.

Vətəndaşların işğaldan azad olunmuş ərazilərə daha rahat şəkildə səfər etmələri məqsədilə gündəlik əsasda və onların sözügedən ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edilməsi nəzərdə tutulub.

Bununla əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımızdan 1 mart tarixindən etibarən müntəzəm reyslər üzrə biletləri “yolumuzqarabaga.az” portalı üzərindən deyil, yalnız “biletim.az” portalı üzərindən əldə etmələri xahiş olunur.