Türkiyədə Xocalı Soyqırımı Anıldı: 3 Günlük Tədbirlər Silsiləsi Keçirildi - FOTOLAR

28 Fevral 2025 14:02 (UTC+04:00)

Türkiyənin Aydın şəhərində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib. SİA.az xəbər verir ki, Adnan Menderes Universitetinin magistrantı Nigar Şahverdiyevanın təşkilatçılığı ilə 3 gün davam edən bu tədbirlər çərçivəsində müxtəlif görüşlər və panel müzakirələri təşkil olunub.

Tədbirin ilk günü Xocalı Soyqırımı ilə bağlı geniş təqdimatlar keçirilib. Adnan Menderes üniversitetinin tələbələri və Aydındaki Azərbaycanlıların iştirakı ilə azərbaycan dilində təqdim olunan çıxışlarda Xocalı həqiqətləri tarixi faktlar və şahidlərin ifadələri əsasında iştirakçılara çatdırılıb.

İkinci gün Bakı Parkında yerləşən və mərhum millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə ucaldılmış Xocalı Abidəsi ziyarət olunub. Burada Xocalı qurbanlarının ruhuna dualar oxunub və faciənin unudulmaması üçün belə tədbirlərin vacibliyi vurğulanıb.

Son gün – 27 fevralda, Adnan Menderes Universitetində Xocalı Şəhidlərini anma panel müzakirəsi təşkil olunub. Paneldə prof.dr. Əhməd Nəhmədov, prof.dr.Ahmet Toksoy və dos.dr. Ahmet Aytaç iştirak edərək Xocalı faciəsinin tarixi, siyasi və hüquqi aspektlərini müzakirə ediblər. Panel zamanı soyqırımın beynəlxalq səviyyədə tanınmasının əhəmiyyəti və bu istiqamətdə atılmalı olan addımlar barədə də fikirlər səsləndirilib.

Bu tədbirlər çərçivəsində Xocalı Soyqırımı həqiqətlərinin Türkiyədə daha geniş auditoriyaya çatdırılması və beynəlxalq ictimaiyyətin diqqətinin bu faciəyə yönəldilməsi məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirilib. Tədbirin təşkilatçıları belə anım günlərinin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.