"23 yaşımda karyeramı başa vurdum" - Vahid Məmmədov -MÜSAHİBƏ

28 Fevral 2025 12:42 (UTC+04:00)

Fevralın 22-də sərbəst güləş üzrə U-17 milli komandanın məşqçisi, Vahid Məmmədovun 70 yaşı tamam olub. SİA xəbər verir ki, Şöhrət ordenli əməkdar məşqçi məşqçilik fəaliyyəti, ən titullu yetirmələri ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə bağlı geniş müsahibə verib:

- Güləşlə tanışlığınız necə baş verdi? Daha öncə qohumlardan kimsə güləşlə məşğul olmuşdu?

- 1965-ci ildə güləşə başlamışam. Düz 10 yaşımda. Yay tətili idi. Firudin adlı həmyaşıdımla çəmənlikdə tutaşdıq. O mənə qarşı “zaçep” (ilişdirmə) fəndini işlətdi. Həmin fəndi mənə öyrətdi. Sonra məni idman zalına apardı. Əkbər müəllimin rəhbərliyi altında güləşlə məşğul olmağa başladım. SSRİ vaxtı nüfuzlu yarışlarda nəticə vermək çox çətin idi. Çünki ilk növbədə SSRİ çempionu olmalıydın ki, daha sonra Avropa, dünya çempionatlarına, Olimpiya Oyunlarına gedə biləsən. Hərbi xidmətə çağırılanda səhvən tikinti bölüyünə düşdüm. İki il məşq etmədiyim üçün karyerama böyük zərbə dəydi. Düzdüz, əsgərlikdən qayıtdıqdan sonra da güləşdim. “Dinamo” idman cəmiyyətinin üzvü idim. SSRİ idman ustası oldum. O vaxtlar hətta I dərəcəni almaq və idman ustalığına namizəd olmaq belə çətin idi. İdman ustasını barmaqla göstərirdilər.

- Məşqçilik fəaliyyətinə nə vaxt başladınız?

- 23 yaşımda karyeramı başa vurdum. Respublika çempionatı keçirilirdi. Tərəziyə çıxanda ilk olimpiya mükafatçımız Rəşid Məmmədbəyovun əmisi oğlu Oktiyar Məmmədbəyov dedi düş tərəzidən. Səbəbini soruşanda yeni qərarın çıxdığını söylədi. 23 yaşadək kim beynəlxalq dərəcəli idman ustası deyilsə, artıq yarışlara buraxılmır. Beləcə karyeramı başa vurdum. 1982-ci ilin yanvarın 15-də məşqçiliyə başladım. Açığı, işləmək istəmirdim. Bilirdim ki, məşqçilik işi çox çətindir. Başqa peşəni seçmək istəyirdim. “Dinamo”nun sədri, Dünya Kubokunun sahibi, Avropa çempionu və dünya ikincisi Rafiq Hacıyev məsləhət gördü ki, müvəqqəti məşqçiliyə başlayım. “Spartak” idman cəmiyyətində işə başladım. Həmin cəmiyyətdə baş məşqçi Manışır Mişiyev idi. Bu mütəxəssis indi İsraildə yaşayır. Dünya və Avropa ikincisi Telman Paşayevin şəxsi məşqçisiydi. 45 il yaşadığım Papanindən uşaqları yığdım. İlk tələbələrim elə Namiq və Arif Abdullayev qardaşları oldu. 170-180 nəfərdən ibarət 5 qrup yığdım. Səhər saat 10-da zala girirdim, axşam 9- 10-da gedirdim evə. Papaninin ilk SSRİ idman ustası və ilk peşəkar məşqçi mən olmuşam. 7 şəhid tələbəm olub. Ən çox uşaq Respublikada məndə olub. Məktəbləri gəzmişəm, bədən tərbiyə dərslərinə gedib baxmışam. Küçələri gəzmişəm. Belə bir şüar var: “kütləviçilikdən peşəkarlığa doğru”. Hamısı gəlib olimpiya çempionu olmur ki. Namiqlə Arif sözəbaxan oldu. Məni eşitdilər. Necə deyərlər, çalmağımızla oynamağımız düz gəldi. Əslində onlardan daha istedaslaı uşaqlar var idi. Amma onlar sözə qulaq asmadı. Amma Abdullayev qardaşları sözə qulaq asdılar. Rejim saxladılar. Çətinliklərə dözdülər. Nəticə də göz qabağındadır.