"Bu il Gəncədə keçirilməsi planlaşdırılan III MDB Oyunları ilə bağlı təmir-bərpa işlərinə başlanılıb". SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Gəncədə şəhərdaxili yollar asfaltlanır, məhəllələrin abadlaşması həyata keçirilir, inşası davam edən stadionun yenidənqurma işlərinin idman oyunlarınadək yekunlaşması nəzərdə tutulur: "Gəncə bu gün, sözün əsl mənasında, özünün yeni inkişaf dövrünü yaşayır. Son illər şəhərdə aparılan geniş abadlıq və quruculuq işləri, demək olar, bu qədim şəhərin simasını başdan-başa dəyişib. Gəncə Sənaye Parkı şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verə biləcək strateji bir layihədir. Xüsusilə yeni investisiyaların cəlb olunması sərmayələrin qoyulması şəhərin iqtisadi potensialını daha da artıracaq. Bununla da Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, mühüm logistika və sənaye mərkəzinə çevrilə bilər".