Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində mümkün əməkdaşlığı araşdırır. SİA şirkətə istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə aparılan görüşündə aparılıb.
Görüşdə cari il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.