Xocalı soyqırımı qurbanlarının xatirəsi Manisada yad edilib

27 Fevral 2025 20:15 (UTC+04:00)

Türkiyənin Manisa şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Manisa Böyükşəhər Bələdiyyəsi və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə şəhərin Mədəniyyət Mərkəzində Xocalı qurbanlarının xatirəsi yad edilib, bu soyqırımı əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.

Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin Türkiyə şöbəsinin müdiri Cavid İsmayıl, Manisanın Şehzadələr rayonu üzrə kaymakamı Fatih Genel, rayonun Milli Təhsil İdarəsinin müdiri Metin Gençay, şəhərdə fəaliyyət göstərən dövlət qurumları, siyasi partiyalar, vətəndaş cəmiyyətlərinin sədrləri və nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə konsulu Zaur Allahverdizadə, Diaspora Komitəsinin Türkiyə şöbəsinin müdiri Cavid İsmayıl, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül çıxış edərək Xocalı həqiqətləri barədə danışıblar.

Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi qiymətləndirən natiqlər Azərbaycanın Qarabağ bölgəsində baş vermiş bu qanlı hadisənin insanlıq tarixinə qara, utancverici bir ləkə kimi yazıldığını və bu faciənin ağrısının heç vaxt unudulmayacağını vurğulayıblar.

Xocalı soyqırımına dair statistik məlumatları bölüşən çıxışçılar illər sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, Ordusu və xalqının birliyi ilə əldə edilən tarixi Zəfər sayəsində Qarabağda, o cümlədən Xocalıda insan haqlarının bərpa edildiyini, ermənilər tərəfindən doğma yurd-yuvalarından didərgin salınan soydaşlarımızın öz el-obasına qayıtdıqlarını bildiriblər.

Natiqlər Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün bir daha dünya ictimaiyyətinə səsləniblər.

Çıxışlardan sonra sərgisinin rəsmi açılışı olub.

Manisada Xocalı soyqırımı ilə bağlı daha bir tədbir şəhərin Dostlar Məclisi, Manisa Etkinlik-Sen şəhər Baş İdarəsi, Manisa Azərbaycan Evi və Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası tərəfindən təşkil edilib.

Mərasimdə əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səslənib, hər iki ölkənin şəhidləri yad edilib.

Tədbirdə çıxış edən Manisa Azərbaycan Evinin sədri Seyfəddin Ayaqyay və Manisa Etkinlik-Sen başçısı Yalçın Taşdemir Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biri olduğunu vurğulayıblar.

Natiqlər bildiriblər ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd Xocalıda xüsusi amansızlıqla qətlə yetirilən soydaşlarımızı bir daha xatırlamaq, onların yaşadığı o müsibəti gələcək nəsillərə çatdırılmaqla yanaşı beynəlxalq ictimaiyyətə bir daha bu qanlı hadisəni törədənlərin cəzalandırılması üçün səslənməkdir.

Bildirilib ki, ermənilər tərəfindən Azərbaycan torpaqlarında törədilən bu qətliam insanlıq tarixinə qara ləkə kimi yazılıb.

Sonra tədbir çərçivəsində açılan Xocalı soyqırımını əks etdirən fotosərgiyə baxış keçirilib.