"Rusiyanın işğalını "normallaşdırmağa" imkan vermirik"

27 Fevral 2025 18:32 (UTC+04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Krımı qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı çıxışı zamanı ölkəsinin ərazi bütövlüyü və suverenliyinin güzəştə açıq məsələ olmadığını bildirib.
SİA-nın məlumatına görə, Zelenski sosial media hesabında Krım tatarcası ilə etdiyi paylaşımda Rusiyanın Ukraynanın Krım bölgəsini qanunsuz olaraq 11 il əvvəl işğal edərək ölkəsinə qarşı hücuma keçdiyini qeyd edərək deyib:

“Bu gün Rusiyanın Krımı işğal etməsinə göz yummayanların hamısı üçün cəsarət və dürüstlük günüdür. 26 fevral Krımın müqavimətini göstərən gündür.

Biz Rusiyanın işğalını "normallaşdırmağa" imkan vermirik. Krım məhbuslarını əsirlikdən azad edirik. Normal həyat hüququ, bütün Ukrayna üçün təhlükəsizlik zəmanəti və davamlı sülh hüququ uğrunda mübarizəmizi davam etdiririk".

Ölkəsini dəstəkləyən hər kəsə təşəkkür edən Zelenski onu da deyib ki, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi güzəştə açıq deyil və heç vaxt da olmayacaq. Krımda müqavimət günü həqiqətə və Ukraynaya hörmət günüdür.