Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibə verib

27 Fevral 2025 17:53 (UTC+04:00)

Xarici işlər naziri Hakan Fidan ABŞ prezidenti Donald Trampın Qəzzanı təhvil alaraq fələstinliləri zorla köçürmə planı ilə bağlı açıqlama verərək “Biz belə bir təklifi qəbul edə bilmərik” deyib.
SİA-nın məlumatına görə, bu barədə Hakan Fidan “Əl-Cəzirə” telekanalının suallarını cavablandırıb.

Müsahibənin birinci hissəsində XİN rəhbəri Türkiyənin xarici siyasətinin bir nömrəli prioritetinin Yaxın Şərq, Qafqaz, Balkanlar, Qara dəniz, Aralıq dənizi və Egeydə münaqişələri sakitləşdirmək, müharibələri dayandırmaq, qeyri-sabitliyi aradan qaldırmaq olduğunu və bu baş verdikdə iqtisadi inkişafın və xalqa əsas xidmətlərin göstərilməsinin asanlaşacağını bildirib.

Nazir deyib: "Biz konstruktiv, başqalarının təhlükəsizliyini təhdid etməyən, hər kəsin ərazi bütövlüyünə hörmət edən, iqtisadi inkişafı hədəfləyən və hər kəsin milli iradəsinə hörmətlə yanaşan xarici siyasət yürüdürük. İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti İsrailin təhlükəsizliyini iki dövlətli həlldə deyil, İsrailin bölgədə genişlənməsində və ekspansionizmində görür.

Qəzzada atəşkəsin sona çatması və İsrailin hücumlarının davam etdirilməsi ehtimalı ilə bağlı suala isə bunun yaxşı olmayacağını deyən Fidan "Təbii ki, Misir, İordaniya və Körfəz ölkələri başda olmaqla bir mövqe ortaya qoyulmalıdır. Yəni İsrailə qarşı münasibət inkişaf etdirməlidirlər. Bu rəftarlara tolerantlıq göstərmək olmaz", deyə qeyd edib.

Hakan Fidan Türkiyənin Donald Trampın Qəzzanı təhvil alaraq fələstinliləri zorla köçürmə planını qəbul etməyəcəyini və bu planın ciddi qebul edilməməsinin vacibliyini vurğulayıb.

Türkiyənin bu mövzuda mövqeyinin bəlli olduğunu qeyd edən H.Fidan "Yəqin ki, dünyada bunu müdafiə edən iki ölkə olacaq. Biri Amerika, digəri İsrail. Bundan başqa bütün dünya buna qarşıdır" deyib.

Bu planı "dəlilik" olaraq xarakterizə edən xarici işlər naziri ərəb ölkələrinin Qəzzanın yenidən qurulması, idarə olunması və təhlükəsizlik məsələləri ilə bağlı plan üzərində işlədiyini də bildirib.